Londonun “Arsenal” uzunmüddətli çempionluq həsrətinə son qoymaqla yanaşı, həm də İngiltərə futbolunda unikal bir rekorda imza atıb. “Topçular”ın gənc vingeri Maks Douman Premyer Liqa (APL) tarixinin ən gənc çempionu olub.
Mikel Artetanın yetirmələri, ən yaxın izləyicisi “Mançester Siti”nin “Bornmut”la bərabərə qalmasından (1:1) sonra sona bir tur qalmış çempionluğu vaxtından əvvəl təmin edib. Hazırda London nəhəngi “şəhərlilər”i 4 xal qabaqlayır.
Bu tarixi zəfər sayəsində “Arsenal”ın gənc istedadı Douman APL yarandığı gündən bəri bu titulu qazanan ən gənc futbolçu olub. O, qızıl medala cəmi 16 yaş 139 günlüyündə qovuşub. London klubunun akademiyasının yetirməsi olan gənc vinger, bu mövsüm çempionatda 5 matçda şans qazanıb və aktivinə 1 qol yazdırmağı bacarıb.
Maraqlı və rəmzi məqam odur ki, “Arsenal” bundan əvvəlki sonuncu çempionluğunu uzaq 2004-cü ildə – Douman hələ dünyaya göz açmamışdan çox-çox əvvəl qazanmışdı.