Avropa Liqasında mövsümün ən böyük matçı, nəhayət, gəlib çatdı! İndiyədək bu titulu muzeyinə apara bilməyən iki iddialı komanda – “Frayburq” və “Aston Villa” İstanbulda, qitənin ən prestijli kuboklarından biri uğrunda həlledici döyüşə çıxır.
Almaniya təmsilçisi üçün bu oyun sadəcə bir final deyil, klub tarixinin ən şanlı səhifəsini yazmaq imkanıdır. İndiyədək Avropa Liqasında 1/16 final mərhələsindən uzağa gedə bilməyən və tarixində heç vaxt Çempionlar Liqasında çıxış etməyən “Frayburq”, İstanbulda bir oxla iki dovşan vurmaq niyyətindədir: həm ilk qitə kubokunu qazanmaq, həm də gələn mövsüm üçün ÇL-in qrup mərhələsinə birbaşa vəsiqəni cibinə qoymaq.
Komandanın baş məşqçisi Yulian Şuster final öncəsi iddialı və qətiyyətli danışıb: “Bu mərhələyə yüksəlmək artıq özlüyündə bir nailiyyətdir, lakin biz sadəcə finalda oynamaqla kifayətlənmək fikrində deyilik. Son addımı atmaq istəyirik. Tam qətiyyətliyik, komandadakı dəstək və həmrəylik hissi hər zamankından daha güclüdür”.
Birmingem təmsilçisi Avropa futbolunun ən köklü və titullu klublarından biridir. 1981/82 mövsümündə Çempionlar Liqasının sələfi sayılan Avropa Çempionları Kubokunu qazanan, aktivində 7 İngiltərə çempionluğu və 7 ölkə kuboku olan “Aston Villa”, uzun illərdən sonra yenidən zirvəyə qayıtmağa çox yaxındır. Premyer Liqada “Liverpul” üzərində qazanılan möhtəşəm qələbə sayəsində ilk beşliyi və ÇL vəsiqəsini turnirin bitməsinə az qalmış rəsmiləşdirən İngiltərə təmsilçisi, indi bütün diqqətini bu kuboku başı üzərinə qaldırmağa yönəldib.
İngilislərin finaldakı ən böyük gücü şübhəsiz ki, baş məşqçi Unay Emeri olacaq. Avropa Liqasının əsl mütəxəssisi sayılan bask mənşəli çalışdırıc karyerasında artıq 6-cı dəfə bu turnirin finalında iştirak edəcək. Əvvəllər “Sevilya” ilə 3, “Vilyarreal” ilə isə 1 dəfə bu kuboku qazanan Emeri, həlledici oyun barədə bu sözləri deyib: “İstanbuldakı final xüsusi bir hadisədir. Bura qədər gəlib çatdığımız üçün qürur duymalıyıq. İndi bu prosesdən, hazırlıqdan və finalın özündən həzz almaq lazımdır. Lakin eyni zamanda rəqibə və bu matçın nə dərəcədə əhəmiyyətli olduğuna böyük hörmətlə yanaşmalıyıq”.
UEFA Avropa Liqası, final
20 may 23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə)
Hakim: Fransua Leteksye (Fransa)
Məkan: İstanbul, “Beşiktaş” stadionu
Canlı yayım: İctimai TV, TRT 1