Bakının “Neftçi” klubu Yuri Vernidubun rəhbərliyi altında ilk məğlubiyyəti ilə üzləşdi. Misli Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”a minimum hesabla (0:1) uduzan “ağ-qaralar”ın baş məşqçisi oyundan sonra səmimi və kəskin fikirləri ilə diqqət çəkib. Təcrübəli mütəxəssis həm uğursuz seriyanın qırılmasından, həm də komandadakı kadr çatışmazlığından danışaraq, günahı başqalarında axtarmamağın vacibliyini vurğulayıb.
Məğlubiyyətə layiq deyildik
Yuri Vernidubun rəhbərliyi altında ardıcıl 7 oyundur uduzmayan “ağ-qaralar”ın seriyası Tovuzda qırılıb. Baş məşqçi oyunun gedişatının nəticəyə uyğun olmadığını vurğulayıb: “Gec-tez məğlubiyyət olmalı idi və bu, bu gün baş verdi. Ancaq oyunun gedişatına baxsaq, buna layiq deyildik. Ən azı bir xal qazanmalı, hətta qalib gəlməli idik. Hər iki tərəfin real qol vəziyyətləri az olsa da, rəqib öz şansından yararlandı, biz isə yox. Bununla barışıb işimizə davam etməliyik”.
Heyətdəki rotasiyalar və itkilər
Əsas cinah müdafiəçilərinin yoxluğuna toxunan baş məşqçi, Luis Ortisin zədələnməsinin işləri çətinləşdirdiyini bildirib. Lakin o, komandadakı hər bir oyunçuya güvəndiyini qeyd edib: “Heyətimizdə 23 futbolçu var və onların hamısı oynamalıdır. Onlar bura ehtiyat skamyada oturmağa gəlməyiblər. Mən heç vaxt demirəm ki, mən yaxşı məşqçiyəm, oyunçular pisdir. Xeyr, onlar yaxşı futbolçulardır. Arzum odur ki, hər oyundan sonra daha da inkişaf etsinlər”.
Heç vaxt günahı sələfimdə axtarmıram
Vernidub bir çox məşqçidən fərqli olaraq, komandanın hazırkı vəziyyətinə görə əvvəlki baş məşqçini günahlandırmaq fikrindən uzaq olduğunu bildirib: “Məndən əvvəl burada həmkarım çalışıb və onun haqqında mənfi heç nə deyə bilmərəm. Komandanı o yığıb, mən isə işləməyə gəlmişəm. ‘Məndən əvvəlkilər günahkardır’ demək mənə yaraşmaz. Zərbəni qəbul etməyi və insan qalmağı bacarmaq lazımdır. Məhz bu prinsiplə çalışdığım bütün klublarda nəticə qazanmışam”.
“Qarabağ”la təxirə salınmış matç və hədəflər
“Qarabağ”la oyunun may ayına təxirə salınmasına da münasibət bildirən mütəxəssis, qərarın PFL tərəfindən verildiyini xatırladıb: “Nə vaxt desələr, oynamağa hazırıq. Güclü rəqiblərlə qarşılaşmaq həmişə maraqlıdır. ‘Turan Tovuz’ da çox güclü komandadır, təsadüfən üçüncü pillədə deyillər. Futbolçularıma dedim ki, gəlin özümüzü yoxlayaq, o səviyyəyə çatmaq üçün nə etməli olduğumuzu görək. Həyat bununla bitmir, yolumuza davam edirik. Növbəti matçda qələbə qazanmağa çalışacağıq”.