Qazaxıstanın “Sports.kz” portalı “Sabah”ın qapıçısı və kapitanı Stas Pokatilovun mövsümdəki uğurlu çıxışına baxmayaraq, Qazaxıstan millisinin genişləndirilmiş heyətinə çağırılmamasını kəskin tənqid edib.
Mayın əvvəlində Qazaxıstan millisi Ermənistan və Macarıstana qarşı keçiriləcək oyunlar üçün heyətini açıqladı. 4 qapıçının yer aldığı siyahıda “Sabah”ın qolkiperi Stas Pokatilovun adının olmaması təəccüb doğurdu.
33 yaşlı Pokatilov artıq il yarımdır ki, Azərbaycanda çıxış edir. Ötən mövsüm Masazır təmsilçisi ilə ilk titulunu – Azərbaycan Kubokunu qazanan qapıçı, bu mövsüm komandası ilə birlikdə əsl sensasiyaya imza atdı. “Sabah” təkcə kubokla kifayətlənmədi, həm də “Qarabağ”ın dördillik hegemonluğuna son qoyaraq tarixinin ilk çempionluğunu rəsmiləşdirdi.
Bu həftəsonu başa çatacaq Premyer Liqada Stas 30 matçda (2700 dəqiqə) çərçivəni qoruyub və cəmi 22 qol buraxıb. O, 13 “quru oyun”la liqada portuqaliyalı Rikardo Fernandeslə şərikli liderdir. Ən əsası isə odur ki, “Sabah” hər iki böyük titulu məhz Pokatilovun kapitanlığı altında qazanıb. Bu uğurları ilə o, sözsüz ki, cari mövsümdə xaricdə çıxış edən ən uğurlu qazaxıstanlı futbolçu statusunu qazanır.
Maraqlıdır ki, belə bir möhtəşəm mövsümə rəğmən, Pokatilov millinin baş məşqçisi Talqat Baysufinovun diqqətindən kənarda qalıb. Məşqçi mart ayında verdiyi müsahibədə Stasın vaxtilə “əgər oynamayacaqsa, gəlməyin mənası yoxdur” deyərək dəvətdən imtina etdiyini bildirmişdi. Görünür, bu inciklik hələ də davam edir.
Amma bu gün “Sabah”ın qapıçısı millinin bir nömrəsi Temirlan Anarbekovla rəqabət aparmağa tam hazırdır. Pokatilov karyerasının bəlkə də ən yaxşı mövsümünü keçirib, Qazaxıstan çempionatından daha rəqabətli bir liqada “qızıl dubl” edib və komandanın lideridir. Digər qapıçıların qeyri-sabit çıxışı fonunda, belə bir təcrübəli və lider keyfiyyətlərinə malik oyunçunun millidə olmaması ən azı mübahisəli qərardır.
Qazaxıstanın tanınmış futbol mütəxəssisi və funksioneri Bulat Yesmaqambetov da Stas Pokatilovun Azərbaycandakı çıxışını yüksək qiymətləndirib və onun millidən kənarda qalmasına eyham vurub: “Hesab edirəm ki, hazırda Stas Pokatilov xaricdə çıxış edən ən uğurlu qazaxıstanlı futbolçudur. Azərbaycanda həm çempionluq, həm də kuboku qazanaraq “qızıl dubl” etdi. O, Qazaxıstanın bir nömrəli qapıçısıdır. Stas çox təcrübəli qolkiperdir. Azərbaycan çempionatında yüksək ustalıq nümayiş etdirir. Götürək elə nəhəng büdcəyə və güclü heyətə malik “Qarabağ” amilini.
Pokatilov müdafiəni əla idarə etməyi, komandanı çətin anlarda xilas etməyi və arxasınca aparmağı bacarır. “Sabah” Stasın simasında çox etibarlı qapıçı qazandı və məhz buna görə də bu tarixi uğura imza atdı”.