Roberto Bacco, Andrea Pirlo, Pep Qvardiola və Luka Toni kimi əfsanələrin forma geyindiyi 114 illik “Breşiya” rəsmən müflis elan olundu. Klubun təxminən 20 milyon avroluq borcu İtaliya futbolunun unudulmaz brendlərindən birinin peşəkar səhnədən silinməsi ilə nəticələndi.
Məhkəmənin qərarı aylardır davam edən maliyyə xaosuna son nöqtəni qoydu. Vergi güzəştlərindən qanunsuz istifadə edərək maaş və sosial sığorta borclarını gizlətməyə çalışan klub idman auditinin qurbanı oldu. Pozuntulara görə B Seriyasında xalı 8 xal silinən “Breşiya” aşağı liqaya yuvarlandı. Xatırladaq ki, komanda sonuncu dəfə A Seriyasında 2019/20 mövsümündə mübarizə aparmışdı.
Klubun sahibi Massimo Çellino komandanı C Seriyasında qeydiyyatdan keçirə bilmədi və Liqanın maliyyə tələblərini yerinə yetirmədi. Nəticədə “Breşiya Kalço” peşəkar lisenziyasından tamamilə məhrum edildi. Prokurorluğun müraciəti ilə başlayan müflisləşmə prosesindən sonra klubun qalan aktivləri xüsusi idarəçiyə həvalə olundu.
Tarixi klubun çöküşündən sonra şəhərdə artıq “Union Breşiya” adlı yeni komanda yaradılıb. Bu klub B Seriyasına qalxmağı hədəfləsə də, əfsanəvi “Breşiya”nın hüquqi taleyi və mirası məhkəmənin verəcəyi son qərarlardan asılı olacaq.