Niderland millisinin keçmiş ulduzu Uesli Sneyder DÇ-2010-da qazandığı “Gümüş top” mükafatını satışa çıxarıb. Həmin turnirdə finaladək irəliləyən niderlandlılar həlledici matçda İspaniyaya məğlub olmuş, Sneyder isə komandasının ən yaxşı bombardiri və lideri kimi turnirin ən yaxşı ikinci futbolçusuna verilən “Gümüş top”a layiq görülmüşdü.
42 yaşlı keçmiş yarımmüdafiəçi dəyərli eksponatlarını “Match Worn Shirt” platformasında təqdim olunan “Əfsanələr kolleksiyası” çərçivəsində satır. Məlumata görə, hərracda mükafatın qiyməti artıq 2 951 dollara çatıb. Sneyder “Gümüş top”la yanaşı, DÇ-2014-ün bürünc medalını da satışa təqdim edib. Xatırladaq ki, həmin çempionatda Niderland yığması 3-cü yer uğrunda matçda Braziliyanı 3:0 hesabı ilə darmadağın etmişdi.
Eks-futbolçu qərarını bu sözlərlə şərh edib: “Bu əşyalar mənim üçün son dərəcə əzizdir. Həmin tarixi anları bu xatirələrin arxasında duran dəyəri həqiqətən anlayan futbol azarkeşləri və kolleksiyaçılarla bölüşməyi gözəl addım hesab edirəm”.
Karyerasının pik nöqtəsində dünyanın en güclü yarımmüdafiəçilərindən biri sayılan Sneyder, 2010-cu ildə “İnter”in Çempionlar Liqasını qazanmasında baş memarlardan biri olub. O, həmçinin Madrid “Real”ı ilə İspaniya, “Ayaks”la isə Niderland çempionluqları yaşayıb. Niderland millisində 134 matçda 31 qol vuran Uesli, DÇ-2010-da Tomas Müller, Diyeqo Forlan və David Vilya ilə birlikdə 5 qolla turnirin ən məhsuldar oyunçusu adını bölüşüb. Təcrübəli yarımmüdafiəçi futbolçu karyerasını 2019-cu ildə Qətərin “Əl-Qarafa” klubunda başa vurub.