UEFA rəhbərliyi 2027-ci ildə keçiriləcək FIFA prezidenti seçkilərində qurumun hazırkı rəhbəri Canni İnfantinoya qarşı güclü rəqib irəli sürməyi planlayır.
Narazılığın səbəbi nədir? “The Guardian” nəşrinin yaydığı məlumata görə, futbol rəsmiləri arasında ciddi çat yaradan hadisə DÇ-2026 zamanı baş verib. FIFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasını təxirə salması böyük narazılıq doğurub. Bu qərardan sonra UEFA və digər qitə konfederasiyalarının rəhbərləri İnfantinonu postundan uzaqlaşdırmaq üçün gizli müzakirələri intensivləşdiriblər.
Hazırda dünya futbolunun pərdəarxasında ciddi narazılıq dalğası yaşanır. Bir çox aparıcı futbol funksioneri ali futbol qurumunda köklü rəhbərlik dəyişikliyinin vaxtının artıq çoxdan çatdığını iddia edir. Lakin rəsmi strukturlarda İnfantino idarəçiliyinə qarşı narazılıq pik həddə çatsa da, hələlik mövcud rəhbərliyə açıq şəkildə meydan oxumağa və namizədliyini irəli sürməyə cəsarət edən konkret bir isim ortaya çıxmayıb. Müxalif cəbhə hələ ki gizli şəkildə koalisiya qurmaqla kifayətlənir.
Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. O, 2019 və 2023-cü illərdə keçirilən seçkilərdə də bu postu qorumağı bacarıb.