Konfrans Liqasında ölkəmizi təmsil edən “Zirə”nin rəqibi – Kutaisi “Torpedo”su turnir öncəsi ciddi yeniliklər ərəfəsindədir. Gürcüstan təmsilçisi heyətini həm əcnəbi, həm də yerli futbolçularla gücləndirməyi hədəfləyir. Klubun baş direktoru David Dolaberidze ölkənin nüfuzlu “Lelo” nəşrinə verdiyi eksklüziv müsahibədə qarşıdakı avrokubok matçları və komandanın transfer pərdəarxası barədə mühüm məqamlara toxunub.
David Dolaberidze ilk olaraq Konfrans Liqasındakı rəqibləri “Zirə”nin gücünü qeyd edib. O, “qartallar”ın heyətində fərqli ölkələrin milli komandalarında oynayan keyfiyyətli legionerlərin yer aldığını vurğulayıb. Bununla belə, baş direktor öz üstünlüklərindən də söz açıb:
“Bizim bu bəhsədə əsas üstünlüyümüz odur ki, Azərbaycanda daxili çempionat artıq başa çatıb, bizdə isə mövsümün ilk yarısı yenicə yekunlaşıb“.
Dolaberidzenin sözlərinə görə, avrokuboklara vəsiqə qazanmaq “Zirə” üçün bir qədər gözlənilməz olub və onlar bu şansı digər komandalardan daha gec əldə ediblər. Bu səbəbdən mövsüm hazırlıqlarına gec başlasalar da, qısa müddətdə maksimum mobilizasiya olaraq heyətlərini gücləndirməyi bacarıblar. Püşkü dəyərləndirən klub rəsmisi açıq şəkildə etiraf edib ki, bəxtləri gətirməyib: “Bu bir faktdır ki, “Zirə” hazırda Gürcüstan klublarının rəqibləri arasında ən güclüsüdür. Lakin vəziyyət qətiyyən ümidsiz deyil, biz oyuna böyük nikbinliklə yanaşırıq”.