Azərbaycan futbolunda “Qarabağ”ın uzun illər formalaşdırdığı Avropa ənənəsinə daha bir klub qoşulub. Cəmi doqquz il əvvəl yaradılan “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksələrək ölkə futbolunun tarixində yeni səhifə açıb.
Polşanın məşhur “Weszło” nəşri də Bakı klubunun uğuruna geniş məqalə həsr edib. Yazıda “Sabah”ın qısa müddətdə ikinci liqadan Çempionlar Liqasının əsas mərhələsinə qədər yüksəlməsi, klubun idarəçilik modeli, transfer siyasəti, baş məşqçi Valdas Dambrauskasın rolu və komandanın polşalı müdafiəçisi Timoş Puxacın hekayəsi ətraflı təhlil olunur.
Doqquz ilə böyük səhnəyə
“Sabah” 8 sentyabr 2017-ci ildə yaradılıb və ilk mövsümünü Azərbaycan futbolunun ikinci liqasında keçirib. Cəmi bir il sonra isə Premyer Liqaya yüksəlib.
“Weszło” yazır ki, klubun tarixini 1967-ci ildə yaradılmış “Vətən” futbol məktəbinin tarixi ilə eyniləşdirmək düzgün deyil. “Sabah” həmin məktəbin bazasında akademiya yaratsa da, özü tamamilə yeni klub kimi fəaliyyətə başlayıb.
Klubun adının mənası da təsadüfi seçilməyib. “Sabah” sözü azərbaycancadan “gələcək” mənasını verir. Polşa nəşri hesab edir ki, bu ad cəmi bir neçə il ərzində böyük sıçrayış edən klub üçün olduqca simvolikdir.
Əvvəlcə ikinci liqa, ardınca Premyer Liqa, sonra avrokuboklar, ilk medal, ilk kubok, çempionluq, dubl və nəhayət, Çempionlar Liqasının əsas mərhələsi…
Başqa klubların onilliklər ərzində keçdiyi yolu “Sabah” cəmi doqquz ilə qət edib.
“Qarabağ” hegemonluğuna son
“Sabah”ın yüksəlişində ən mühüm mərhələlərdən biri 2022/23 mövsümündə Premyer Liqanı ikinci pillədə başa vuraraq tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanması olub.
Bir il sonra komanda avrokubok debütünü edib. Latviya RFS-ni mübarizədən kənarlaşdıran Bakı klubu yalnız “Partizan”a penaltilər seriyasında uduzub.
2024/25 mövsümündə isə “Sabah” tarixinin ilk böyük kubokunu qazanıb. Finalda “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edən paytaxt təmsilçisi Azərbaycan Kubokunun qalibi olub.
Əsl sıçrayış isə ötən mövsüm baş verib. “Sabah” Azərbaycan çempionu olmaqla “Qarabağ”ın uzunmüddətli hegemonluğuna son qoyub. Üstəlik, kuboku da qazanaraq tarixində ilk dəfə dubla imza atıb.
“Weszło” bu nəticənin miqyasını xüsusi vurğulayır: “Qarabağ” əvvəlki 13 mövsümdə 11 dəfə Azərbaycan çempionu olmuşdu. Bu hegemonluğu yalnız “Neftçi” və “Sabah” poza bilmişdi.
“Varlı adam gəldi və ulduzlar aldı” – amma məsələ bu qədər sadə deyil
Polşa nəşrinin diqqət çəkdiyi əsas məqamlardan biri “Sabah”ın uğurunun yalnız maliyyə ilə izah edilməsinin düzgün olmadığıdır.
“Weszło” yazır ki, kənardan baxanda klubun uğurunu “varlı azərbaycanlı gəldi, pul yatırdı və ulduz futbolçular aldı” formasında izah etmək asan görünə bilər. Lakin komandanın polşalı futbolçusu Timoş Puxac bu yanaşmanı qəbul etmir.
Puxacın sözlərinə görə, “Sabah”ın əsas gücü düzgün qurulmuş idman strukturudur: peşəkar idman departamenti, uğurlu transfer siyasəti, məşqçi korpusu və klubun bütün əməkdaşlarının vahid məqsəd uğrunda çalışması.
Nəşr də məhz bu məqamı klubun uğurunun əsas səbəblərindən biri kimi təqdim edir.
“Sabah”ın arxasında Azərbaycan biznesmeni və Bridge Group şirkətlər qrupunun təsisçisi Yaqub Hüseynov dayanır. Klub yalnız futbol komandası kimi deyil, daha geniş idman layihəsi kimi formalaşdırılır. “Sabah” adı altında basketbol klubu, şahmat akademiyası, futbol akademiyası, ikinci komanda və müxtəlif yaş qrupları fəaliyyət göstərir.
Klubdan daha böyük layihə
“Weszło”nun yazdığına görə, “Sabah”ın strukturunda prezident, idman direktoru, öz məşq bazası, akademiya və gənclər komandaları fəaliyyət göstərir. Nəşr üçün xüsusilə diqqətçəkən məqamlardan biri isə klubun maliyyə hesabatlarını ictimaiyyətə açıqlamasıdır.
2025-ci ildə “Sabah”ın əməliyyat gəlirlərinin 26,73 milyon manat təşkil etdiyi qeyd olunur. Bunun 19,15 milyon manatı sponsorluq və reklamdan, 3,81 milyon manatı UEFA gəlirlərindən, 3,37 milyon manatı isə Azərbaycan Futbolunun İnkişaf Fondunun vəsaitlərindən formalaşıb. Bilet satışından əldə olunan gəlir isə cəmi 69,1 min manat olub.
Bu rəqəmlər “Sabah”ın maliyyə modelinin azarkeş gəlirlərindən deyil, əsasən sponsorluq və institusional dəstəkdən asılı olduğunu göstərir.
Transferlərin arxasında xüsusi strategiya
Nəşr “Sabah”ın transfer siyasətini də xüsusi qeyd edir. Komandanın heyəti serb, özbək, afrikalı, Qərbi Avropadan olan və yerli futbolçuların qarışığından formalaşıb. Burada əsas məqsəd hazır ulduzları toplamaqdan daha çox, potensialı olan futbolçuları tapıb onların dəyərini artırmaqdır.
Bu siyasətin arxasında klubun idman direktoru İqor Ponomaryovun dayandığı vurğulanır.
Puxacın özü də “Sabah”ı Polşanın “Yagelloniya” klubu ilə müqayisə edir. Onun fikrincə, hər iki klub bazarda geniş tanınmayan futbolçuları seçərək onları daha yüksək səviyyəyə çıxarmağı bacarır.
Dambrauskas faktoru
Bu layihənin digər mühüm elementi isə baş məşqçi Valdas Dambrauskasdır. Polşa nəşri litvalı mütəxəssisi “Sabah”ın uğur formulunun əsas hissələrindən biri kimi təqdim edir. Dambrauskasın futbolçu kimi peşəkar karyerası olmayıb. O, məşqçilik arzusu ilə İngiltərəyə gedib, dil öyrənib, müxtəlif məşqçilik kurslarında iştirak edib, idman elmləri və məşqçilik üzrə təhsil alıb və addım-addım peşəkar futbola yüksəlib.
Onun futbol fəlsəfəsinin əsas sözü isə “dominasiya”dır. Dambrauskas hücum futbolunu, risk etməyi və çox qol vurmağı sevir. O, öz komandasının oyununu mümkün qədər rəqib üzərində üstünlük qurmaq üzərində formalaşdırmağa çalışır.
Mütəxəssis müxtəlif ölkələrdə qazandığı təcrübəni “Sabah”a daşıyıb. Onun üçün futbolçudan əvvəl insanı anlamaq vacibdir. Məşqçinin fikrincə, yalnız futbolçunun xarakterini və psixologiyasını başa düşdükdən sonra ondan maksimum nəticə almaq mümkündür.
Puxacın ikinci futbol həyatı
“Weszło”nun məqaləsində Timoş Puxacın hekayəsi də xüsusi yer tutur. Cəmi bir il əvvəl Almaniyanın “Holştayn Kil” klubunda gələcəyi sual altında olan polşalı müdafiəçi indi Çempionlar Liqasında oynamağa hazırlaşır.
Puxac hətta bir müddət peşəkar futboldan uzaqlaşmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin “Sabah” onun üçün yeni başlanğıc oldu. Azərbaycan klubunda polşalı futbolçu özünü yenidən tapdı. Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi oyunlarda Puxac beş məhsuldar ötürmə ilə yadda qaldı.
Onun sözlərinə görə, Bakıya gələndə “Sabah”ı böyük tarixə və geniş azarkeş kütləsinə malik klub kimi görmürdü. Lakin zaman keçdikcə layihənin miqyasını və komandanın potensialını anladı.
Nəticədə Puxac Bakıda qalmaq qərarına gəldi: “Xəyal etdiyim futbol həyatına ikinci şans verdilər”
Polşa nəşri Puxacın “Sabah”da keçirdiyi dövrü futbolçu üçün ikinci həyat kimi qiymətləndirir.
Bir il əvvəl onun karyerasının hansı istiqamətdə gedəcəyi bəlli deyildi. İndi isə qarşısında “Barselona”, “Arsenal”, “Mançester Yunayted”, “Napoli” kimi Avropanın nəhəngləri ilə üz-üzə gəlmək imkanı var.
Bu dəyişimin miqyasını bir il əvvəllə müqayisə etdikdə daha aydın görmək mümkündür.
27 mindən çox azarkeş və dəyişən reallıq
“Weszło” “Sabah”ın azarkeş məsələsinə də toxunur. Nəşr Azərbaycan futbolunda azarkeş marağının hələ də əsas problemlərdən biri olduğunu qeyd edir. 2025/26 mövsümündə “Sabah”ın çempionat oyunlarında orta tamaşaçı sayı təxminən 1400 nəfər olub. Lakin Çempionlar Liqasının pley-off mərhələsində vəziyyət tamamilə dəyişdi.
“Sabah” – “Hapoel” qarşılaşmasını izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna 27 mindən çox azarkeş gəldi. Onların hamısı “Sabah” tərəfdarı olmasa da, Azərbaycan çempionunun tarixi matçına böyük maraq göstərildi. Bu mənada “Sabah” artıq yalnız bir klubun deyil, Azərbaycan futbolunun Avropadakı yeni simalarından birinə çevrilir.
“Qarabağ”dan sonra yeni Azərbaycan hekayəsi
“Weszło” Azərbaycan futbolunun uzun illər Avropadakı simvolunun “Qarabağ” olduğunu xatırladır. Ağdam klubu iki dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak edib və uzun müddət ölkə futbolunun beynəlxalq səviyyədə əsas təmsilçisi olub.
İndi isə onunla yanaşı yeni bir hekayə yazılır. Cəmi doqquz il əvvəl yaradılan “Sabah” əvvəlcə “Qarabağ”ın hegemonluğuna son qoydu, daha sonra ölkə çempionu və kubok qalibi oldu, ardınca isə Çempionlar Liqasının təsnifat mərhələsində dörd cütlükdən qalib ayrılaraq əsas mərhələyə yüksəldi.
Bütün bunlar bir daha göstərir ki, “Sabah”ın uğuru təsadüfi sıçrayışdan daha çox, illər ərzində qurulan layihənin nəticəsidir. Və indi Bakı klubunu qarşıda daha böyük sınaq gözləyir: Avropanın ən güclü komandaları ilə eyni turnirdə mübarizə.
Doqquz il əvvəl Azərbaycan futbolunun xəritəsində belə görünməyən “Sabah” indi Çempionlar Liqasının səhnəsindədir.
