Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”a cavab matçında da uduzan (0:2, iki oyunun nəticəsinə görə 0:3) Finlandiyanın KuPS klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. Qarşılaşmadan sonra komandanın baş məşqçisi, kapitanı və hücumçusu məğlubiyyəti şərh ediblər.
Miika Nuutinen (baş məşqçi): “0:2 hesabı oyunu tam əks etdirmir. İlk matçla müqayisədə daha yaxşı təsir bağışladıq, lakin hücumun yekun fazasında və qol epizodlarında düzgün qərarlar verə bilmədik. “Sabah” öz cərimə meydançasında çox intizamlı müdafiə olundu. Yaxşı təşkilatlanmış və yüksek keyfiyyətli komandaya uduzduq”.
Petteri Pennanen (KuPS-un kapitanı): “Şikayətlənməyin mənası yoxdur. Buraxılan ilk qola qədər yaxşı oynayır, yüksək pressinq edib topa yiyələnirdik. Lakin 0:1 hesabı komandanı psixoloji olaraq sındırdı. 8 künc zərbəsi qazansaq da, qapıya cəmi 2 dəqiq zərbə endirdik. İki matçda qol vurmamışıqsa, nəticə təbiidir. İndi bəhanə axtarmadan yerli çempionata və Avropa Liqasının III təsnifat mərhələsindəki qarşılaşmaya köklənməliyik”.
Tommi Ciri (hücumçu): “Qapıya cəmi iki dəqiq zərbə vurmaqla qələbə qazanmaq qeyri-mümkündür. İlk hissədə yaxşı şanslarımız var idi, amma daha çox epizod yarada bilərdik. Meydanda futbol oynamağa çalışan iki yaxşı komanda var idi və etiraf etməliyəm ki, həqiqətən güclü rəqibə uduzduq”.