“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının 3:0 hesablı inamlı qələbəsindən sonra mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis həm matçın təhlilini aparıb, həm də komandadakı transfer prosesləri və bəzi futbolçuların fərdi vəziyyətləri ilə bağlı sualları cavablandırıb.
Sözlərinə azarkeşlərə təşəkkür etməklə başlayan baş məşqçi, tribunadakı ab-havanı Çempionlar Liqası oyunları ilə müqayisə edib: “Azarkeşlərə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyunundaydıq. İlk dəqiqələrdən başa düşdüm ki, məsuliyyətimiz çox böyükdür, çünki azarkeşlərin bizdən gözləntisi yüksəkdir. Bu amil bizə əlavə motivasiya və məsuliyyət verdi”.
Qələbənin vacibliyini vurğulayan Qurbanov, eyni zamanda oyun planında müəyyən narahatlıqlarının olduğunu da gizlətməyib. O, bəzi futbolçuların fiziki hazırlığının fərqli səviyyələrdə olduğunu və ikinci hissənin ortalarında yorğunluğun hiss edildiyini bildirib. Buna baxmayaraq, edilən əvəzetmələrin tempin yüksəlməsinə və yekunda 3:0 hesablı qələbəyə töhfə verdiyini qeyd edib. Rəqibin güclü müdafiə olunduğunu və “Qarabağ”ı yaxşı analiz etdiyini söyləyən mütəxəssis, cavab matçında maksimum diqqətli olacaqlarını vurğulayıb.
Qurbanov avrokuboklarda uğurlu nəticələr əldə edən digər Azərbaycan klublarını da unutmayıb. O, “Sabah” və “Zirə”ni təbrik edərək, bu qələbələrin ölkənin UEFA reytinqi üçün həlledici əhəmiyyət daşıdığını və əmsalların artmasına kömək etdiyini bildirib.
Mətbuat konfransının gedişində jurnalistlərin komandanın transfer siyasəti və mövcud heyətlə bağlı suallarına da aydınlıq gətirilib.
Baş məşqçi ilk növbədə Montielin vəziyyətinə toxunaraq, onun heyətdən kənarda qalmasının zədə ilə bağlı olmadığını, sadəcə rotasiya xarakteri daşıdığını və növbəti turda şans qazana biləcəyini vurğulayıb. Transfer çalışmaları barədə danışan mütəxəssis, hazırda qapıçı mövqeyindən başqa bütün xətlər üzrə aktiv axtarışların davam etdiyini bildirib. Keçmiş oyunçuların komandaya ehtimal olunan qayıdışı da müzakirə mövzusu olub. Qurbanov Julio Romaonun artıq başqa klubla müqavilə bağladığını düşündüyünü, bu səbəbdən onun və Yassin Benziyanın geri dönüşünün gündəmdə olmadığını qeyd edib. Həmçinin, Mateus Silva ilə maraqlanan klubların olmasına baxmayaraq, müdafiəçinin “Qarabağ”da qalacağı təsdiqini tapıb. Nəhayət, Zakaria Savonun hazırlıq durumunu dəyərləndirən çalışdırıcı, hücumçunun hələ ideal formaya çatmadığını və üzərində çox işləməli olduğunu diqqətə çatdırıb. O, futbolçunun müsbət keyfiyyətləri ilə yanaşı, üzərində işləməli olduğu çatışmazlıqlarının da mövcudluğunu xüsusi qeyd edib.
Bir müddət əsas heyətdən kənarda qalan Elvin Cəfərquliyevin geri dönüşü barədə danışan Qurbanov, klubun daxili nizam-intizam qaydalarının sərtliyini xatırladıb. O bildirib ki, Cəfərquliyevin xarici kluba transferi baş tutsaydı, klub buna etiraz etməzdi: “İstəmərik ki, istər yerli, istərsə də xarici futbolçumuz futboldan kənar qalsın. Amma qayda-qanun var və hamımız buna əməl etməliyik. Lazım gələndə sərt reaksiyalar da veririk. Bəzi görüşlərimiz oldu və o, komandaya qayıtdı”.
Diqqət mərkəzində olan gənc oyunçu Əli Bəşirovun perspektivi ilə bağlı suallara baş məşqçi ehtiyatlı, lakin ümidverici cavab verib. İlk gündən komanda ilə birgə olan Bəşirova maksimum şərait yaradılacağı, oyun praktikası qazanması üçün addımlar atılacağı diqqətə çatdırılıb.
Oyunçuya ola biləcək transfer təkliflərinə toxunan Qurbanov, Bəşirovun inkişafı üçün ən faydalı addımın atılacağını deyib: “Onun gələcəyi üçün faydalı və yaxşı komandadan təklif olarsa, mane olmayacağıq. Amma bəlkə də hələlik burada qalması onun üçün daha xeyirli olar.”
Medianın gənc futbolçu ətrafında yaratdığı ajiotajın ona təzyiq yaradıb-yaratmayacağı ilə bağlı suala isə Qurbanov zarafatla yanaşıb: “Mən komandanın rəhbəri deyiləm, baş məşqçisiyəm (gülür). İnanmıram ki, bu, ona problem yaratsın. Onun özünəxas xasiyyəti var. Həm ailəsi, həm də klubda hamı onunla övladı kimi davranır”.