“Qalatasaray”da gələcəyi hələ də qeyri-müəyyən olaraq qalan Mauro İkardi həm transfer danışıqları, həm də şəxsi həyatındakı məhkəmə qalmaqalı ilə gündəmdədir.
“Sarı-qırmızılı” rəhbərliklə argentinalı ulduz arasında müqavilə danışıqları davam edərkən, komanda yoldaşı Lukas Torreyranın sosial media paylaşımı böyük səs-küyə səbəb olub. Uruqvaylı futbolçunun İkardi ilə bərabər fotosunu “Qalır” başlığı ilə paylaşması transferin müsbət yekunlaşdığına dair şayiələri alovlandırıb.
Klub prezidenti Dursun Özbək daha əvvəl verdiyi açıqlamada İkardi və onun meneceri ilə şəxsən görüşdüklərini, rəsmi təklifi təqdim edərək hazırda qarşı tərəfdən cavab gözlədiklərini bildirmişdi. Tərəflər arasındakı gərgin danışıqların əsas səbəbi isə maliyyə və müqavilə müddəti ilə bağlı şərtlərdir. Belə ki, “Qalatasaray” rəhbərliyi argentinalı ulduza bonuslar daxil olmaqla illik 5 milyon avro maaşla “2+1” illik müqavilə təklif etdiyi halda, İkardi rəqəmin minimum 7 milyon avroya qaldırılmasını və daha uzunmüddətli müqavilənin imzalanmasını tələb edir.
Müqavilə böhranı fonunda ulduz hücumçunun Türkiyədəki yaşayış yeri ilə bağlı ciddi hüquqi problem yaranıb. İkardinin Göktürkdə icarəyə götürdüyü lüks villanı müqavilə müddəti bitmədən 4 ay əvvəl tərk etdiyi məlum olub.
İllik icarə haqqı 504 000 dollar olan villanın sahibi, vaxtından əvvəl çıxışa görə ödənilməyən 4 aylıq borcu – 168 000 dolları tələb edib.
Borcun ödənilməməsi səbəbindən ev sahibi İkardiyə qarşı icraat başladsa da, argentinalı futbolçu buna etiraz edib. “Sabah” qəzetinin məlumatına görə, qarşı tərəf etirazın ləğvi üçün İstanbul Asliyə Hüquq Məhkəməsinə müraciət edib və məhkəmə iddianı qəbul edib. Tərəflər arasındakı bu böhranın taleyi qarşıdakı məhkəmə prosesində bəlli olacaq.