Azərbaycan klubları avrokubokların 2025/2026 mövsümünə uğurlu start verərək UEFA-nın həftəlik ölkələr reytinqində liderliyi bölüşüb.
İyulun 7-9-da keçirilən UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunlarında ölkəmizi təmsil edən komandaların hamısı qələbə qazanıb. Nəticədə Azərbaycan həftə ərzində topladığı 0,750 əmsalla Gürcüstanla birlikdə UEFA-nın həftəlik reytinq cədvəlinin ilk pilləsində qərarlaşıb.
Təmsilçilərimizin uğurlu çıxışı ölkənin ümumi UEFA əmsalına da mühüm töhfə verib. Üç klubun hər birinin qələbəsi sayəsində Azərbaycanın cari mövsüm üçün hesabına ümumilikdə 0,250 reytinq xalı yazılıb.
Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah” doğma meydanda Uels təmsilçisi “Nyu-Sents” üzərində 2:0 hesablı qələbə qazanıb. Avropa Liqasında çıxış edən “Qarabağ” İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edib. Konfrans Liqasında mübarizə aparan “Zirə” isə Bakıda Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını 3:0 hesabı ilə darmadağın edərək cavab oyunu öncəsi növbəti mərhələyə yüksəlmək yolunda ciddi üstünlük əldə edib.
Qazanılan nəticələr Azərbaycanın UEFA ölkələr reytinqindəki mövqeyinin də möhkəmlənməsinə imkan verib. Hazırda 19,312 əmsalla 26-cı pillədə qərarlaşan Azərbaycan qarşıdakı cavab görüşlərində də uğurlu nəticələr əldə etməklə reytinq xalını artırmağa çalışacaq.
Qeyd edək ki, UEFA-nın ölkələr reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir. Azərbaycan klublarının avrokuboklara uğurlu start verməsi həm cari mövsüm, həm də növbəti illərdə ölkənin avrokuboklarda təmsilçilik kvotasının qorunması və yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.