“Sabah” “Old Trafford” səfərindən 0:4 hesablı məğlubiyyətlə döndü. Amma bu rəqəmin arxasında yalnız böyükhesablı məğlubiyyət dayanmır. Bu, ölkə futbolu üçün də kifayət qədər ciddi dərsdir.
“Mançester Yunayted”lə oyunun ilk yarım saatına baxanda “Sabah”ın İngiltərəyə sadəcə uduzmağa getmədiyi görünürdü. Komanda rəqibin adından çəkinmədi, önə çıxmağa, pressinq etməyə, topu qazandıqdan sonra hücuma keçməyə çalışdı. Xarici medianın da diqqət çəkdiyi məqam məhz bu idi.
“Sabah”ın ən real qol epizodu isə hesab 0:1 olarkən yarandı. Coy-Lens Mikelsin baş zərbəsi qolla nəticələnsəydi, bəlkə də oyunun ssenarisi dəyişəcəkdi. Amma Çempionlar Liqasının fərqi də elə budur: burada fürsət yarandımı, onu maksimum dəqiqliklə dəyərləndirmək lazımdır.
“Mançester Yunayted” isə öz səviyyəsini göstərdi. “Sabah”ın yaxşı oynadığı dəqiqələrdə belə ingilislər bir neçə ötürmə ilə oyunun istiqamətini dəyişə bildilər. Bir anlıq səhv, müdafiədəki kiçik boşluq, qərarın saniyənin bir hissəsi qədər gecikməsi belə Bruno Fernandeş, Mateus Kunya və Benjamin Şeşko kimi futbolçuların rəqibi cəzalandırması üçün kifayət edirdi.
Opta statistikasının rəqəmləri də bunu təsdiqləyir: “Mançester Yunayted” 21 zərbə və 3,67 gözlənilən qol göstəricisi ilə oyuna tam nəzarət edib. “Sabah”ın 11 zərbəsi və 0,92 xG-si isə göstərir ki, komanda hücum cəhdləri etsə də, onların keyfiyyəti hələ bu səviyyə üçün kifayət deyil.
Amma məncə, “Sabah” üçün “Old Trafford”un ən vacib nəticəsi tablodakı hesab deyil. Əsas nəticə budur: “Sabah” bu səviyyədə oynaya bildiyini gördü, amma bu səviyyədə nəticə qazanmaq üçün daha sürətli düşünməli olduğunu da anladı.
Valdas Dambrauskasın komandasının müdafiəyə çəkilib 90 dəqiqəlik “avtobus” qurmaq əvəzinə öz futbolunu oynamağa çalışması müsbət məqamdır. Çünki Avropada uzunmüddətli uğur yalnız nəticəni qorumaqla deyil, öz oyun modelini formalaşdırmaqla gəlir.
İndi isə qarşıda “Slaviya” var. Bu oyun “Sabah” üçün sadəcə növbəti Çempionlar Liqası qarşılaşması deyil. “Old Trafford” təcrübəsinin nə dərəcədə faydalı olduğunu göstərmək üçün ilk ciddi fürsətdir.
“Mançester Yunayted” qarşısında komandanın yaxşı başladığı oyunu niyə davam etdirə bilmədiyi əsas suallardan biridir. Pressinqin intensivliyi aşağı düşdü, müdafiə ilə yarımmüdafiə arasındakı məsafələr bəzi epizodlarda artdı, top itkisindən sonra reaksiyalar gecikdi. “Slaviya”ya qarşı bunların heç birinə yol vermək olmaz.
Çexiya çempionu “Mançester Yunayted” deyil. Amma “Slaviya”nı zəif rəqib hesab etmək də böyük səhv olardı. Praqa təmsilçisi “Lans”a evdə 2:3 uduzsa da, matçın son dəqiqələrinə qədər oyunun içində qaldı. Hətta azlıqda olmasına baxmayaraq hesabda önə keçməyi bacardı. Komandanın iki qolu məhz uzatma dəqiqələrində buraxması isə “Slaviya”nın mübarizə əzmini və oyundan heç vaxt qopmadığını göstərir. Bütün bunlar Praqa təmsilçisinin həm mübarizə qabiliyyətini, həm də Avropa futbolunda qazandığı təcrübəni ortaya qoyur.
Deməli, “Sabah”ın qarşısında daha real, amma heç də asan olmayan sınaq var. Burada əsas məsələ taktiki sxemdən çox oyunun sürətinə uyğunlaşmaqdır.
Topu qazandın – nə qədər tez qərar verəcəksən?
Topu itirdin – nə qədər tez geri qayıdacaqsan?
Rəqib müdafiədə boşluq yaratdı – onu görüb dəyərləndirmək üçün nə qədər vaxtın olacaq?
Bu səviyyədə bir anlıq tərəddüd belə bağışlanmır – səhv etdin, rəqib səni dərhal cəzalandırır.
Çempionlar Liqasının əsas mərhələsində fərqi məhz bu saniyələr və bu qərarlar yaradır.
“Old Trafford” “Sabah”a göstərdi ki, komandanın potensialı var. Amma eyni zamanda göstərdi ki, bu səviyyədə potensial hələ kifayət etmir. Potensialı nəticəyə çevirmək üçün sürət, soyuqqanlılıq, fiziki hazırlıq və ən əsası, səhvlərin sayını minimuma endirmək lazımdır.
Bəlkə də 0:4 bu baxımdan pis nəticə deyil. Çünki “Sabah” artıq özündən daha güclü rəqib qarşısında hansı problemlərlə üzləşdiyini bilir. İndi növbə həmin problemləri aradan qaldırmaqdadır.
“Slaviya” ilə oyun isə bir növ imtahan olacaq: “Sabah” “Old Trafford”da sadəcə məğlub oldu, yoxsa həqiqətən nəsə öyrəndi? Bu sualın cavabını isə hesab tablosunda görəcəyik.