Uelsin “Nyu-Sents” klubunun baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah Masazırda “Sabah”a qarşı keçiriləcək ilk oyun barədə fikirlərini bölüşüb.
Rəqibin gücünü yüksək qiymətləndirən təcrübəli mütəxəssis komandasının bu çətin səfərdəki əsas hədəflərini açıqlayıb. Kreyq Harrison “Sabah”ı püşkatmada səpələnməmişlər sırasındakı ən təhlükəli rəqib hesab etdiyini bildirib və Azərbaycan çempionatında “Qarabağ”ın hegemonluğuna müqavimət göstərməyin böyük güc tələb etdiyini xüsusi vurğulayıb. İlk matçın səfərdə keçirilməsinin müəyyən strateji üstünlükləri olduğunu qeyd edən baş məşqçi, komandasının meydanda nə etməli olduğunu yaxşı bildiyini söyləyib. Uels təmsilçisi üçün Bakıdakı qarşılaşmada növbəti mərhələ ümidlərini qorumağın prinsipial əhəmiyyət daşıdığını deyən Harrison, komandada bu cür məsuliyyətli oyunlarda zəngin təcrübəsi olan futbolçuların faktoruna güvəndiyini diqqətə çatdırıb.
“Rəqibi nə qədər analiz etsəniz də, onun real səviyyəsini yalnız meydanda hiss etmək mümkündür. Bizim üçün iki oyunun nəticəsinə görə mərhələ şansımızı qorumaq son dərəcə vacibdir”, — deyə Kreyq Harrison bildirib.