Özbəkistanın paytaxtı Daşkənddə qrosmeysterimiz Şəhriyar Məmmədyarovun da iştirak etdiyi beynəlxalq şahmat turniri davam edir.
Yarışın 5-ci turu təmsilçimiz üçün uğursuzluqla yadda qalıb. Ş. Məmmədyarov bu turda yerli şahmatçı Muhiddin Mədəminova məğlub olub. Hazırda hesabında 2 xal olan qrosmeysterimiz turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Xatırladaq ki, Məmmədyarov bundan əvvəlki turlarda Viditi məğlub etmiş, Eriqaisi və Nimannla heç-heçə oynamış, Abdusattorova isə uduzmuşdu.
Turnirin “Challengers” qrupunda mübarizə aparan digər iki şahmatçımız – Eltac Səfərli və Məhəmməd Muradlı da 5-ci tur çərçivəsində növbəti partiyalarını keçiriblər. Muradlı növbəti qələbəsini qazanaraq xalını 4,5-ə yüksəldib və vahid liderliyini inamla davam etdirir. Eltac Səfərli isə bu turu heç-heçə ilə başa vurub və hazırda 1,5 xalı olan 9-cu sırada yer alıb.
Ümumi mükafat fondu 121 500 dollar təşkil edən beynəlxalq turnir dairəvi sistem üzrə keçirilir və 9 turdan ibarətdir. Yarışa iyunun 15-də yekun vurulacaq.