FİFA 2026-cı ildə keçiriləcək DÇ üçün qrup mərhələsinin reqlamentində mühüm dəyişikliklər edib. 2006-cı ildən bəri ilk dəfə olaraq, komandaların xalları bərabər olduqda, qrupdakı yekun sıralamanı top fərqi müəyyən etməyəcək. Lakin bu meyar öz vacibliyini tam olaraq itirməyib.
2010-cu ildən etibarən ardıcıl 4 mundialda qrupda xallar bərabər olduqda, mövqelər vurulan və buraxılan topların fərqinə görə müəyyənləşirdi. Qarşıdan gələn mundialda isə əsas prioritet komandaların şəxsi görüşlərindəki (öz aralarındakı matçlardakı) nəticələrinə veriləcək. Top fərqi isə yalnız o halda həlledici amilə çevriləcək ki, həm xallar bərabər olsun, həm də tərəflər arasındakı duel heç-heçə başa çatsın.
Bununla belə, vurulan və buraxılan topların fərqinin taleyüklü olacağı başqa bir məqam da var. Qruplarını üçüncü pillədə başa vuran komandalar üçün bu göstərici “kiçik cədvəl”in tərtibində həlledici rol oynayacaq. Reqlamentə əsasən, qruplarda üçüncü yeri tutan 12 komandadan ən yaxşı nəticə göstərən 8-i 1/16 finala vəsiqə qazanacaq. Pley-offa çıxanları müəyyənləşdirərkən ilk növbədə toplanan xallara, daha sonra isə top fərqinə baxılacaq.