Futbol üzrə ölkəmizin gənclər yığması (U-21) Türkiyənin İsparta şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxıb. Baş məşqçi Raşad Eyyubovun yetirmələri bu dəfə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qüvvəsini sınayıb. Qarşılaşma millimizin məğlubiyyəti ilə başa çatıb.
Görüşün ilk hissəsini minimal hesabla geridə tamamlayan (0:1) futbolçularımız, ikinci yarıda buraxılan qolların əvəzini çıxmağa çalışsalar da, yekunda meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılmalı olublar.
Xatırladaq ki, U-21 yığmamız İsparta toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Bəhreyn seçməsini darmadağın etmişdi (3:0).