Avstriya və Macarıstanda təlim-məşq toplanışında olan milli komandamız ciddi itki ilə üzləşib. Yığmanın vingeri Xəyal Əliyev zədə səbəbindən komandanın düşərgəsindən tərk edib. AFFA-nın rəsmi açıqlamasına görə, cinah hücumçusu Macarıstanın Sombatxey şəhərində Malta seçməsinə qarşı keçirilən yoldaşlıq görüşündə (0:2) sıradan çıxıb. Matç zamanı zədələnən futbolçunun durumunun ciddi olduğu bəlli olub.
Məşqçilər heyəti və tibbi personalın qərarı ilə gənc oyunçu reabilitasiya prosesini fərqli proqramla keçəcək. Xəyal Əliyev ixtisaslaşmış tibbi yardım və bərpa kursu almaq üçün artıq İspaniyanın paytaxtı Madridə yollanıb. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı Madriddəki müayinələrdən sonra dəqiqləşəcək.