«Qarabağ»ın yarımmüdafiəçisi Marko Yankoviç UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın «Vestri» komandası üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.
Monteneqrolu oyunçu mövsümə inamlı başlanğıc etdiklərini vurğulayıb: «Avrokubok mövsümünün ilk oyunu üçün yaxşı futbol sərgilədik. Rəqibdən asılı olmayaraq, turnirə qələbə ilə başlamaq vacib idi. Qapımızı toxunulmaz saxlamaqla yanaşı, üç qol vurmağı bacardıq. Komandaya bir çox yeni oyunçular qoşulub. Göründüyü kimi, onlar artıq «Qarabağ»ın oyun üslubunu mənimsəyirlər və bu, qarşıdakı məsuliyyətli matçlar üçün çox vacibdir. Ümid edirəm ki, hər kəs qısa müddətdə tam adaptasiya olunacaq. Yeni komanda yoldaşlarıma uğurlar arzulayıram». Xatırladaq ki, Bakıda keçirilən qarşılaşma «Qarabağ»ın böyük hesablı qələbəsi ilə başa çatıb və Ağdam təmsilçisi mərhələ adlamaq yolunda böyük üstünlük əldə edib.