Fransa millisinin baş məşqçisi Didye Deşamın İspaniyaya qarşı keçirilən dünya çempionatının yarımfinal matçından sonra qarşılaşmanın referisi İvan Bartonun ünvanına səsləndirdiyi tənqidlər cavabsız qalmayıb. Fransalı mütəxəssisin mətbuat konfransında salvadorlu ədalət təmsilçisinin peşəkarlığını şübhə altına alması futbolun ali qurumunun dərhal reaksiyasına səbəb olub.
Uduzan tərəf kimi “ağlağan” görünmək istəmədiyini vurğulayan Deşam, həm matçdan dərhal sonra, həm də mediaya sonrakı açıqlamalarında hakimlikdən ciddi narazılıq edib: “Bunu məğlub olduğumuza görə demirəm, amma sizcə, hakim yarımfinal səviyyəsinə cavab verirdimi? Bu, sadəcə bir sualdır. Təkcə penalti epizoduna deyil, bütövlükdə oyuna nəzər salmaq lazımdır. Lakin mən detallara varmaq istəmirəm”.
Fransalı çalışdırıcının bu iddialarına 24 saat keçməmiş rəsmi cavab gəlib. FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina İvan Bartonun rəhbərlik etdiyi briqadanı qətiyyətlə müdafiə edərək sərt şəkildə cavab verib: Deşamın baş hakimin peşəkarlığını şübhə altına alan fikirlərinə FİFA-nın cavabı birmənalıdır: bəli, onun səviyyəsi yarımfinal matçına tam cavab verirdi”.
Dünya futbolunun əfsanəvi referisi təkcə Bartonu deyil, bütövlükdə cari dünya çempionatında ədaləti qoruyan bütün hakim korpusunu müdafiə edib: “Bizim referilərimiz dünya səviyyəlidir”.