DÇ-2026-nın üç ev sahibindən biri olan ABŞ-a yollanan İraq yığmasının kapitanı Aymen Hüseyn Çikaqonun “O’Hara” hava limanında xoşagəlməz hadisə ilə üzləşib.
Asiya təmsilçisinin digər üzvləri ölkəyə giriş zamanı pasport nəzarətindən heç bir problemlə qarşılaşmadan keçsələr də, kapitanı yerli hüquq-mühafizə orqanları saxlayıb. Təhlükəsizlik əməkdaşları təcrübəli futbolçuya potensial terrorçu kimi yanaşaraq, onu düz 7 saat dindiriblər. İraq nümayəndə heyətinin məsələni yerindəcə həll etmək və vəziyyəti tənzimləmək cəhdləri isə fayda verməyib. Ulduz hücumçu yoxlamaların başa çatmasını gözləmək və bütün sualları təkbaşına cavablandırmaq məcburiyyətində qalıb.
“AS” nəşrinin yaydığı məlumata görə, bu qalmaqallı insidentə hava limanı əməkdaşlarının ciddi səhvi üzündən olub. Belə ki, onlar futbolçunu terror fəaliyyətində şübhəli bilinən başqa bir İraq vətəndaşı ilə səhv salıblar.
İraq millisi 40 illik fasilədən sonra ilk dəfə mundialın final mərhələsinə vəsiqə qazanıb. Komanda DÇ-2026-nın “I” qrupunda Fransa, Seneqal və Norveç yığmalarına qarşı mübarizə aparacaq.