İngiltərə millisi DÇ-2026-nın 1/16 final mərhələsində əsl kabus yaşadı. Turnirin favoritlərindən sayılan ingilislər Konqo DR qarşısında mundialla erkən vidalaşmağa çox yaxın olsalar da, Harri Keyn komandasının xilaskarına çevrildi.
Tomas Tuxelin rəhbərlik etdiyi yığma müdafiə xəttindəki inamsız oyununa görə kəskin tənqidlərə məruz qalsa da, Böyük Britaniyanın Baş naziri Kir Starmer matçdan sonra “X” hesabında fərqli reaksiyası ilə diqqət çəkib. O, ingilislərin məşhur futbol şüarına eyham vuraraq, “Görəsən, o (Dünya kuboku – red.) doğrudan da evə qayıdır” (“It’s coming home”) sözlərini paylaşıb. Tənqidi yox, daha çox ümidverici tonda yazılan bu tvit qısa zamanda böyük səs-küy yaradıb.
Qeyd edək ki, ingilislərin bu məşhur şüarı reallaşdırması üçün yeganə yol çempionluqdur. Futbolun vətəni sayılan ölkə bunu tarixdə bir dəfə, 1966-cı ildə bacarıb.
1/4 final yolunda Tuxelin yetirmələrini daha çətin sınaq gözləyir. İngiltərə millisi iyulun 6-da, bazar ertəsi günü turnirin ev sahiblərindən biri – Meksika ilə qarşılaşacaq.