İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu (0:3) şərh edib.
Matçdan sonra keçirilən mətbuat konfransında iştirak edən mütəxəssis görüşün gərgin keçdiyini vurğulayıb, rəqibin gücünü etiraf edərək komandasının çıxışını dəyərləndirib:
“Çox ağır oyun alındı. ‘Qarabağ’ öz keyfiyyətini nümayiş etdirdi. Buna baxmayaraq, mən futbolçularımın oyunundan qürur duyuram. Əla müdafiə olunduq. Qapımızda gördüyümüz üç qoldan ikisi məhz fərdi səhvlərimiz nəticəsində baş verdi. Ümumilikdə isə yetirmələrimin çıxışından razı qaldım”. Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.
– Daha böyük hesabla uduzmaqdan çəkindiyinizi demək olarmı?
– Xeyr, qətiyyən. Qoy məni səhv başa düşməsinlər, mən sadəcə olaraq nəticədən narazı qaldım. Lakin qazandığımız təcrübədən və futbolçularımın meydandakı performansından məmnunam.
– Cavab oyununda nələri dəyişməyi planlaşdırırsınız?
– Hələ vaxtımız var. Bütün diqqətimizi ciddi şəkildə toparlamalıyıq. Xüsusilə topa nəzarəti artırmalı və oyunun ümumi keyfiyyətini yüksəltməliyik.
– Futbolçularınızın xüsusilə hansı məqamlardakı çıxışı sizi qane etdi?
– “Qarabağ” fantastik oynadı. Onlara qarşı mübarizə aparmaq doğrudan da çox çətindir. Rəqib meydandakı boşluqlardan məharətlə istifadə etdi. Eşitmişdim ki, kimlərsə “Qarabağ”ın bizə 10 qol vuracağını ehtimal edirdi. Əgər ilk hissə 0:1 hesabı ilə başa çatsaydı, bəlkə də yekun nəticə tamamilə fərqli ola bilərdi.