Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqviminə əsasən, avqustun 28-30-u aralığında İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının (ACF) məlumatına görə, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda millimiz 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq. Heyətdə 10 kişi və 4 qadın idmançı yer alıb.
Üç gün davam edəcək turnirdə 78 ölkədən 518 cüdoçu – 309 kişi və 209 qadın tatamiyə çıxacaq.
Qadınların mübarizəsində 52 kiloqram çəki dərəcəsində Gültac Məmmədəliyeva və Leyla Əliyeva, 70 kiloqramda Südabə Ağayeva, +78 kiloqramda isə Madina Kaisinova qüvvəsini sınayacaq.
Kişilər arasında 60 kiloqramda Əhməd Yusifov, 66 kiloqramda Turan Bayramov və Ruslan Paşayev, 73 kiloqramda Kamran Süleymanov və Rəşid Məmmədəliyev, 81 kiloqramda Ömər Rəcəbli və Vüsal Qələndərzadə, 90 kiloqramda Vüqar Talıbov, +100 kiloqramda isə Kənan Nəsibov və Uşanqi Kokauri mübarizə aparacaqlar.
Dünya Cüdo Turunun yarışlarından olan Lozanna “Böyük Dəbilqə”sində ölkəmizi hakim kimi də təmsil edən olacaq. ACF-nin Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq referi Nazim Umbayev turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.
Yarış Azərbaycan cüdoçuları üçün həm reytinq xalları, həm də qarşıdakı Olimpiya dövrü baxımından mühüm sınaqlardan biri olacaq.