UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında «Qarabağ»ın qonağı olacaq Niderlandın «Tvente» klubu Bakıya bir gün erkən gələrək hazırlıqlarını tamamlayıb. İlk matçdakı 0:1 hesablı yenilginin əvəzini çıxmaq niyyətində olan «Tukkers»in müdafiəçisi Bart van Roy həlledici qarşılaşma öncəsi komandasının iddialı olduğunu bildirib.
Niderlandlı müdafiəçi komandasının oyuna tam hazır olduğunu və rəqibin taktiki planını təhlil etdiklərini vurğulayıb: «Məşqlərimiz yüksək səviyyədə keçdi, matça tam hazırıq. Ötən həftəki ilk oyunda “Qarabağ”ın necə futbol oynadığı barədə aydın təsəvvür yarada bildik. Müdafiədə sıx blokla çox inamlı dayanır və kəsərli əks-hücumlara bel bağlayırlar. Bu amili xüsusi nəzərə almışıq. Təhlükəli epizodlar yaratmaq üçün planlarımızı müzakirə etdik və ümid edirəm ki, bu taktikamız işə yarayacaq».
İlk matçda («De Qrolş Veste»də) daha çox qol imkanı yaratmalarına baxmayaraq 0:1 hesabı ilə uduzduqlarını xatırladan van Roy, cavab görüşünün fərqli ssenari ilə keçəcəyini qeyd edib: «Məncə, bu, birinci matçdan tamamilə fərqlənən bir görüş olacaq. Avrokuboklarda bu cür komandalara qarşı evdə və səfərdə oynamaq hər zaman çətindir. Çünki onların doğma meydanda necə təsir bağışlayacağını öncədən bilmək olmur. Amma biz bu sınağa mümkün olan ən yaxşı şəkildə hazırlaşmışıq».
Bart van Roy Bakıya bir gün tez gəlməyin onlar üçün böyük avantaj olduğunu da əlavə edib: «Uzun uçuş və saat fərqini nəzərə alsaq, bura bir gün erkən gəlməyimiz ən doğru qərar idi. Hava şəraitinə və yerli mühitə adaptasiya olunmaq baxımından bunun bəhrəsini görəcəyimizi düşünürəm. Şəhərdə qısa gəzinti etməyimiz xoş bir bonus idi, lakin biz bura əylənməyə gəlməmişik. Bakıda yalnız bir məqsədimiz var — Konfrans Liqasında yolumuza davam etmək».