Cari qış transfer pəncərəsində paytaxtın “Sabah” klubunu Rusiyanın “Arsenal” (Tula) təmsilçisi ilə əvəzləyən Ayaz Quliyev, karyerasındakı bu dəyişikliyi ilk dəfə şərh edib. Yanvarda “bayquşlar”ın düşərgəsini tərk edən 29 yaşlı yarımmüdafiəçi Rusiyanın “Sport-Express” portalına müsahibəsində keçidinin pərdəarxası məqamlarına toxunub.
Tula klubunu seçməsində konkretliyin əsas rol oynadığını bildirən futbolçu transfer prosesini belə təsvir edib: “Sabah”la müqaviləm başa çatırdı və həmin ərəfədə “Arsenal”dan rəsmi təklif aldım. Digər variantlarım olsa da, Tula klubu ilə danışıqlar həm çox sürətli, həm də konkret keçdi. Buradakı məşqçilər korpusunu yaxşı tanıyıram. Eyni zamanda, qərar verməzdən öncə Reziuan Mirzovla da məsləhətləşdim. Nəticədə seçimimi etdim və bura gəldim”.