DÇ-nin qrup mərhələsində Portuqaliya ilə oyunda vurduğu qolla ölkəsinə tarixi bərabərliyi qazandıran Yoan Vissa, bu gün böyük bir uğurun qəhrəmanıdır. Lakin “Nyukasl”ın hücumçusu cəmi bir neçə il əvvəl həyatını və karyerasını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
2021-ci il iyulun 2-də, “Loryan”da çıxış etdiyi dönəmdə Vissa evində dəhşətli bir hücumun qurbanı oldu. Avtoqraf bəhanəsi ilə qapını döyən Letisiya P. adlı qadın futbolçunun üzünə turşu tökərək onun azyaşlı qızını qaçırmağa cəhd etdi. Hadisədən cəmi bir gün sonra başqa bir anaya da hücum edən və törətdiyi əməli “daxili səslərlə” əsaslandıran cinayətkar, məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edildi.
Hücum nəticəsində kor olmaq təhlükəsi yaşayan Vissa, keçirdiyi ağır əməliyyatları və psixoloji travmanı 2025-ci ildə verdiyi müsahibədə belə xatırlayır:”Xəstəxanada gözlərimin yandığını dedilər. Hər saatbaşı onları yumaq məcburiyyətində idim, tam bir kabus idi. Görmə qabiliyyətim yalnız altı aydan sonra bərpa olundu. Həkimlər ömrümün sonuna qədər göz damlasından istifadə etməli olduğumu bildirdilər. Əgər vaxtında tibbi müdaxilə olmasaydı, nəticə daha faciəvi olardı”.
Fiziki yaralar sağalsa da, hadisə futbolçunun və ailəsinin həyatında dərin izlər qoyub. Vissa plastik əməliyyatdan imtina edərək bu izləri öz taleyinin bir parçası kimi qəbul etdiyini bildirir: “Hadisədən sonra qapalı birinə çevrildim. Yad insanların əhatəsində özümü narahat hiss edirəm, tək qalanda isə gecələr gözümə yuxu getmir. Yoldaşımla birlikdə psixoloji yardım almalı olduq, o, ağır depressiya keçirdi. Uşaqlarım hələ çox kiçikdirlər, üzümdəki izlərin səbəbini soruşanda onlara həqiqəti deyə bilmirəm”.
Bütün bu dəhşətlərə rəğmən, Yoan Vissa yenidən yaşıl meydanlara qayıtmağı və dünya elitasında öz sözünü deməyi bacardı. Onun Portuqaliya qapısına vurduğu qol, təkcə idman uğuru deyil, həm də sarsılmaz iradənin təntənəsidir.