Almaniyanın “Berliner Kurier” nəşri Berlin “Dinamo”sunda çıxış edən millimizin sabiq hücumçusu Rüfət Dadaşovun əməliyyatdan sonrakı möhtəşəm qayıdışından yazıb. Mənbə təcrübəli hücumçunun “Herta Sehlendorf”a qarşı keçirilən yoxlama matçındakı (5:0) effektiv oyununu və vurulduğu iki qolu xüsusi vurğulayıb.
Yay fasiləsində ayağından əməliyyat olunan və komandanın idman direktoru Enis Aluşinin proqnozlaşdırdığı müddətdən daha tez sıraya dönən komandanın kapitanı, bu qarşılaşmada mövsümlərarası fasilədən sonra ilk 20 dəqiqəlik oyun şansını qazanıb.
Meydana daxil olduqdan sonra fəallığı ilə seçilən Dadaşov əvvəlcə hesabı 3:0 edib, ardından isə akrobatik zərbə ilə tirə dəyərək toru silkələyən baxımlı qola imza atıb.
Rüfət Dadaşov matçdan sonra təəssüratlarını belə bölüşüb: “Meydana bu qədər tez qayıdacağımı gözləmirdim. Üstəlik, dərhal dubl etmək möhtəşəm hissdir”.
“Dinamo” Şimal-Şərq Regional Liqasında mövsümün start matçını iyulun 24-də “Erfurt”a qarşı keçirəcək. Paytaxt təmsilçisi mövsümöncəsi son sınaq oyununu isə cümə günü BAK komandasına qarşı keçirəcək.