Premyer Liqanın XXIV turunda reallaşan “Qərb derbisi”ndə “Kəpəz” və “Turan-Tovuz” sülhə razılaşıb – 1:1. Gərgin keçən qarşılaşmadan sonra mətbuat konfransına qatılan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyunun kritik anlarını şərh etməklə yanaşı, komandanın gələcək inkişaf kursu ilə bağlı iddialı bəyanatlar verib.
Təcrübəli mütəxəssis ilk növbədə komandanı tək qoymayan tərəfdarlara toxunub: “Bizi sona qədər dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularımız meydanda yaxşı mübarizə apardılar. Müəyyən texniki problemlərimiz olsa da, hər matçda daha yaxşı çıxış etməyə çalışırıq. Öz oyunumuzu nümayiş etdirmək üçün əlimizdən gələni edirik. İnanıram ki, zamanla hər kəs tam fərqli bir “Kəpəz” görəcək”.
Qarşılaşmanın gedişatında buraxılan qolq aydınlıq gətirən Bağırov, fərdi səhvlərin nəticəyə təsir etdiyini bildirib: “Qol buraxdığımız epizodda topa sahib olduğumuz halda səhvə yol verdik. Rauf Hüseynli əlindən gələni etsə də, həmin məqamda ayağı sürüşdü və rəqib bundan istifadə etdi. Onu da etiraf etmək lazımdır ki, rəqib heyətində kifayət qədər təcrübəli oyunçular yer alıb”.Komandanın son vaxtlar nümayiş etdirdiyi performansı müsbət qiymətləndirən baş məşqçi, oyunun stabilləşdiyini vurğulayıb: “Son turlarda “Sumqayıt” və “Zirə” kimi rəqiblərə qarşı da kifayət qədər keyfiyyətli futbol oynamışıq. Hazırda komandada müəyyən bir sabitlik var və bu tempu qoruyub saxlamaq niyyətindəyik”.