Premyer Liqanın 21-ci turunda doğma meydanda “Kəpəz”i minimal hesabla (1:0) məğlub edən “Sabah” ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra mətbuat konfransında iştirak edib. Litvalı mütəxəssis həm oyunun nəticəsini dəyərləndirib, həm də qarşıdakı “Qarabağ” sınağı öncəsi tərəfdarlarına müraciət edib.
Mütəxəssis komandasının oyun üslubundan və yaradılan epizodlardan məmnun qaldığını bildirib: “Çox yaxşı oyun alındı. Qol xəbərini yalnız qarşılaşmanın sonunda ala bilsək də, komandamın göstərdiyi performansdan razı qaldım. Rəqibə ön xətdə ciddi təzyiq göstərdik, çoxsaylı qol epizodları yaratdıq. Ən sevindirici məqamlardan biri də odur ki, qapımızı toxunulmaz saxladıq. Hesab fərqini artıra bilərdik, lakin rəqibin də oyun planı kifayət qədər uğurlu idi”.
Son iki turda çətinliklə qazanılan qələbələrin növbəti həftə keçiriləcək “Qarabağ” matçı üçün bir siqnal olub-olmaması ilə bağlı suala Dambrauskas belə cavab verib: “Bəli, bu, bir növ xəbərdarlıq sayıla bilər. Belə məqamlarda ‘ayıq olmaq’ və daha çox çalışmaq lazımdır”.
Baş məşqçi növbəti turun mərkəzi qarşılaşmasında “Sabah” azarkeşlərini tribunada görmək istədiyini, lakin mövcud vəziyyətdən bir qədər təəccübləndiyini gizlətməyib: “Növbəti həftə tribunaların dolu olmasını arzulayıram. Bunu əvvəlki mətbuat konfranslarında da vurğulamışam. Maraqlı bir məqam var: qələbə qazanmağımıza və çoxlu qol vurmağımıza baxmayaraq, azarkeşlərin sayı artmaq əvəzinə, sanki azalır. Bunun səbəbini bilmirəm, bəlkə də hava şəraiti ilə bağlıdır. Amma ‘Qarabağ’la oyunda böyük dəstək gözləyirəm. Hər kəs öz komandasını Çempionlar Liqasında və ya Avropa Liqasında görmək istəyir, lakin daxili çempionatın da əhəmiyyəti unudulmamalıdır”.