Futbol tarixinin iki böyük əfsanəsi – Lionel Messi və Kriştiano Ronaldo bu dəfə yaşıl meydanda deyil, klub idarəçiliyi müstəvisində qarşı-qarşıya gələ bilər.
Portuqaliyalı ulduzun Səudiyyə Ərəbistanı investorlarına məxsus La Liqa 2 klubu “Almeriya”nın 25 faiz səhmini aldığı bildirilir. 41 yaşlı hücumçu avqustun əvvəlində “Almeriya”nın onun hazırkı klubu “Əl-Nəsr”ə qarşı keçirdiyi yoxlama oyununu tribunadan izləyib. Görüş İspaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ronaldo “Almeriya”nın həmsahibi olduqdan sonra klubla bağlı fikirlərini də bölüşüb: “Uzun müddətdir futbola yalnız meydanda deyil, kənarda da töhfə vermək arzusunda idim. “Almeriya” sağlam təməllərə və böyük inkişaf potensialına malik İspaniya klubudur”.
Hazırda “Almeriya” La Liqa 2-də 12-ci pillədə qərarlaşıb. Messinin səhmlərini almaq istədiyi “Eldense” isə çempionatın autsayderləri arasındadır. Komanda ilk 4 turda cəmi 2 xal toplayıb. Üstəlik, mövsümün əvvəlində “Eldense” doğma meydanda “Almeriya”ya 0:3 hesabı ilə uduzub.
Messinin “Eldense”nin səhmlərini almaqla bağlı sövdələşməsi baş tutarsa, iki əfsanənin klubları 2 may 2027-ci ildə La Liqa 2-nin 37-ci turunda üz-üzə gələ bilər. Qarşılaşma “Eldense”nin meydanında keçiriləcək və baş tutacağı təqdirdə, Messi və Ronaldoya məxsus komandaların tarixdə ilk rəsmi dueli olacaq.
Messinin klub biznesindəki fəaliyyəti bununla da məhdudlaşmır. Argentinalı ulduz “Barselona” və “İnter Mayami”dəki sabiq komanda yoldaşı Luis Suareslə birlikdə Uruqvayda “Deportivo LSM” klubunu təsis edib. Uruqvayın 4-cü divizionunda çıxış edən komanda 2026-cı ildə B Seriyasında keçirdiyi 9 oyundan sonra 18 xalla 3-cü pillədə qərarlaşıb. Ronaldo 2027-ci ildə futbolçu karyerasını başa vurarsa, onun Messi ilə uzun illər davam edən rəqabəti bu dəfə meydandan kənarda – klub sahibi statusunda yeni mərhələyə qədəm qoya bilər.