Premyer Liqanın V turu çərçivəsində səfərdə “Sumqayıt”la heç-heçə (1:1) oynayan “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçrilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Mütəxəssis qarşılaşmanı dəyərləndirərək futbolçularının mübarizəsindən razı qaldığını bildirib: “Çətin oyun olacağını bilirdik. Futbolçularım hər iki hissədə pis təsir bağışlamadılar. Fərdi səhv üzündən qapımızda qol gördük, lakin bu da futbolun bir parçasıdır. Oyunçularım meydanda görmək istədiyim futbolu nümayiş etdirdilər. Qələbə üçün sona qədər vuruşsalar da, istədiyimizi ala bilmədik”.
Komandanın növbəti matçlarını doğma azarkeşləri önündə keçirəcəyinə toxunan Bağırov psixoloji amilin mənfi təsir etməyəcəyini vurğulayıb: “Hər hansı bir problemin olacağını düşünmürəm. Növbəti matçda bunu dərindən hiss edəcəyik. Öz azarkeşlərimiz önündə oynamaq hər zaman daha rahat və əlverişlidir”.
Mütəxəssis keçmiş təcrübəsindən dərs çıxardığını və növbəti turlarda eyni enişin yaşanmaması üçün çalışdıqlarını qeyd edib: “Hər kəs etdiyi səhvlərdən nəticə çıxarmalıdır. Vaxtilə ‘Araz-Naxçıvan’da çalışarkən mənim də müəyyən səhvlərim olmuşdu. İndi psixoloji və taktiki baxımdan həmin təcrübələrdən doğru nəticələr çıxararaq yolumuza davam edirik”.