“Tottenhem”in 29 yaşlı hücumçusu Rişarlison müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi tələbi ilə FIFA-ya müraciət edib. Sözləşməsinin başa çatmasına hələ bir il qalan braziliyalı forvard Premyer Liqa üçün təqdim olunan 25 nəfərlik rəsmi iştirak ərizəsindən kənarda qalaraq U-21 komandasına göndərilib. “Goal.com”un məlumatına görə, təcrübəli futbolçu bu addımdan hiddətlənərək London klubunu dərhal tərk etmək niyyətindədir.
Mövsümün açılış matçında “Brentford”a qarşı keçirilən uğursuz görüşdə meydanda olan Rişarlison üçün bu, görünür, “mahmızlar”ın heyətində sonuncu oyun olub. Futbolçu hesab edir ki, əsas heyətdən kənarlaşdırılaraq gənclər komandasına göndərilməsi müqavilənin birtərəfli pozulması üçün kifayət qədər hüquqi əsas yaradır.
Yay transfer pəncərəsində 29 yaşlı hücumçunun 4 mövsüm şərəfini qoruduğu və 152 matçda 53 qol vurduğu “Everton”a qayıdışı müzakirə olunurdu. Lakin braziliyalı Devid Moyeslə yenidən çalışmaq variantından imtina edib.
Eyni zamanda sosial şəbəkə hesablarında “Everton”u “sevimli klubu” adlandıran futbolçu transfer danışıqları zamanı “Tottenhem” rəhbərliyinin tutduğu mövqeyi kəskin tənqid edib. Karerasını Braziliyada davam etdirməyə yaxın olan oyunçunun əsas namizədlərindən biri “Vasko da Qama” hesab olunur. Rişarlison “Tottenhem” forması ilə çıxış etdiyi 134 rəsmi matçda 32 dəfə fərqlənib.