“Qarabağ” üzərində Bakıda 4:1 hesablı dramatik qələbə qazanan “Tvente” Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla uzun illər sonra Avropada qrup mərhələsi həsrətinə son qoyub. Niderland təmsilçisi səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini cavab oyununda artıqlaması ilə çıxıb.
Qələbədən sonra Brüns yaşananları “fantastik hiss” kimi dəyərləndirib.
“Biz əvvəllər də Avropada oynamışıq, amma bu, həqiqətən də fantastik hissdir. Çox vaxt medalın digər üzündə olmuşuq. Məhz buna görə bu uğur bizim üçün daha da dəyərlidir”, – Brüns ESPN-ə açıqlamasında deyib.
Maraqlıdır ki, Brüns “Qarabağ”ın ilk qolunda bəxtsizliyinin də rol oynadığını etiraf edib. Onun sözlərinə görə, epizod zamanı səhv istiqamətə hərəkət edib və top ayağının altından keçərək rəqib hücumçunun qarşısına düşüb. Nəticədə Ağdam təmsilçisi hesabı açıb.
“Tvente”nin qələbəsində əsas pay sahiblərindən biri isə Vaut Veqhorst olub. Gərgin mübarizənin ardından qolunu vuran niderlandlı hücumçu sevincini gizlətməyib.
“Nəticədə bütün gördüyün iş məhz bunun üçündür”, – Veqhorst bildirib.
Lakin hücumçu üçün bu qolun xüsusi əhəmiyyəti var. “Tvente”yə qayıtdıqdan sonra ilk oyunlarında həm Niderland mediasının, həm də klub azarkeşlərinin tənqidi ilə üzləşən Veqhorst üzərindəki təzyiqi hiss etdiyini etiraf edib.
“Bu dəfə mənim üçün hər şey fərqlidir. Çoxlu emosiyalar var və onların böyük hissəsi klubla bağlıdır. Mən bu vəziyyətdə öz yolumu tapmalıyam. Adətən mən sadəcə futbolçuyam, amma indi həm futbolçu, həm də azarkeşəm. Bununla yanaşı, üzərimdə gözləntilərin və məsuliyyətin olduğunu da hiss edirəm”, – deyə o vurğulayıb.
Veqhorst tənqidləri də anlayışla qarşıladığını bildirib: “Hazırda özümü bir qədər daha həssas hiss edirəm, çünki oyunda çoxlu emosiya var. Amma sonda nəyə qadir olduğumu bilirəm. Bu gün komandaya kömək edə bildiyim üçün çox xoşbəxtəm. Amma inanın, bizim üçün bundan daha vacib olan Avropada oynamaqdır”.
Beləliklə, “Tvente” üçün Bakı səfəri yalnız mərhələ adlamaq deyil, həm də uzun müddət davam edən Avropa həsrətinin sona çatması baxımından xüsusi əhəmiyyət daşıyır. Niderland klubu iki il əvvəl Avropa Liqasının təsnifat mərhələsində “Fiorentina”ya, bir il sonra isə “Fənərbaxça”ya uduzaraq mübarizəni erkən dayandırmışdı. Bu dəfə isə “Tvente” dramatik ssenari ilə olsa da, Konfrans Liqasının əsas mərhələsinə yüksəlməyi bacardı.