Bakıda «Qarabağ»ı əlavə vaxtda 4:1 hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanan «Tvente»nin baş məşqçisi Con van den Brom cavab qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırıb. Niderlandlı mütəxəssis ilk matçdakı yenilgidən düzgün nəticə çıxardıqlarını və qələbədə taktiki gedişlərin mühüm rol oynadığını vurğulayıb: «Hər iki qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. İlk oyunda uduzmağımıza baxmayaraq, kifayət qədər yaxşı epizodlarımız var idi və həmin məğlubiyyəti sadəcə təsadüfün nəticəsi saymaq olar. Məhz birinci matç sayəsində necə güclü rəqiblə üz-üzə gəldiyimizi aydın gördük, “Qarabağ”ı hərtərəfli analiz etdik və bunun bəhrəsini gördük.
Qazandığımız 4:1 hesablı qələbə qarşılaşmanın asan keçdiyi təəssüratını yaratmamalıdır. Sadəcə, bu gün komandam meydanda daha döyüşkən xarakter nümayiş etdirdi. Etdiyimiz əvəzetmələrin və meydana sonradan daxil olan futbolçuların bu böyük uğurda xüsusi rolu oldu».