Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi” Bolqarıstanda Belarusun Minsk “Dinamo”su lə üz-üzə gələcək.
Belarus mətbuatı cavab görüşü ərəfəsində əsas diqqəti ilk oyunda qazanılan 4:2 hesablı qələbəyə yönəldib. Dövlət agentliyi BelTA yazır ki, Minsk təmsilçisi cavab matçına üstün vəziyyətdə çıxsa da, cütün taleyi hələ həll olunmayıb. Məqalədə “Dinamo”nun Bakıda 0:2 hesabından geri dönüşünü edərək əzmkar qələbə qazanması xüsusi vurğulanır.
Belarusun idman portalları və klub yönümlü resursları da əsasən oyunöncəsi anonslarla çıxış edərək “Dinamo”nun üstünlüyünü qorumağa çalışacağını bildirirlər. Yerli media futbolçuları arxayınlaşmamağa çağırır və “Neftçi”nin Bakıda ilk oyunun başlanğıcında nümayiş etdirdiyi sürətli, hücumameyilli futbolun cavab matçında da ciddi təhlükə yarada biləcəyini qey edirlər.
Belarus KİV-lərində ilk oyunun qəhrəmanları kimi Karen Vardanyan və Yevgeni Malaşeviç ön plana çıxarılır. Xüsusilə Vardanyanın vurduğu iki qolun komandanın möhtəşəm geridönüşündə həlledici rol oynadığı qeyd edilir.
Qeyd edək ki, “Dinamo” (Minsk) – “Neftçi” qarşılaşması Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroye” stadionunda keçiriləcək. Saat 21:00-da başlayacaq oyunu Şimali İrlandiyadan olan FIFA referisi Tim Marşall idarə edəcək.
Bu cütün qalibi III təsnifat mərhələsində Serbiyanın “Jelezniçar” və Portuqaliyanın “Braqa” komandaları arasında qalib gələn tərəflə üz-üzə gələcək.