Dünya çempionatının ən gərgin və baxımsız oyunlarından biri medal sıralamasına birbaşa təsir edə biləcək nəticə ilə yekunlaşıb. Fransa millisi Paraqvayı minimal hesabla (1:0) məğlub edərək turnirdə yoluna davam edib. Lakin matçın özündən çox, Cənubi Amerika təmsilçisinin aqressiv oyunu və hakim İlgiz Tantaşevin idarəçiliyi müzakirə mövzusuna çevrilib.
Fransızlar rəqibin sıx və aqressiv müdafiə xəttini yarmaqda çətinlik çəksələr də, ikinci hissədə meydana daxil olan Desire Duenin oyunu matçın axarını dəyişib. Didye Deşam isə paraqvaylıların kobudluğundan əsas ulduzunu qorumaq üçün maraqlı gediş edib: “Rəqibin Kilianı sıradan çıxarmaq istədiyini bilirdim. Buna görə də matçın sonunda komandanın ən cüssəli iki oyunçusuna Mbappenin ətrafında durmağı tapşırdım”. Sevindirici məqam isə odur ki, bu qəssab futbolu fonunda “üçrənglilər”dən heç kim zədələnməyib.
Matçın ardından futbol dünyasının tanınmış simaları Paraqvayın nümayiş etdirdiyi oyun üslubuna sərt reaksiya veriblər. BBC Sport-a danışan ingilis qapıçı Co Hart cənubi amerikalıların çıxışını “iyrənc” adlandırıb və əlavə edib ki, komanda yoldaşları belə oynasaydı, onları qulaqlarından tutub meydandan çıxarardı. O, eyni zamanda matçın hakimliyini də tam bir rüsvayçılıq kimi qiymətləndirib.
Fox Sports efirində danışan Tyerri Anri isə rəqibin anti-futboluna toxunmaq istəmədiyini bildirərək, bu gün məhz futbolun qalib gəldiyini vurğulayıb. Fransızların və xüsusilə Kilian Mbappenin provokasiyalara uymayaraq soyuqqanlılıq nümayiş etdirməsini yüksək qiymətləndirən 1998-ci ilin dünya çempionu, həmvətənlərinin iradəsini alqışlayıb. “Üçrənglilər”in bu dözümlülüyünə Zlatan İbrahimoviç də biganə qalmayıb. İsveçli əfsanə fransızların inanılmaz dərəcədə soyuqqanlı davrandıqlarını etiraf edərək, özünəməxsus tərzdə replika atıb: “Mən onların yerində olsaydım, yəqin ki, bu cür təxribatlara dözməyib 4 qırmızı vərəqə alardım”.
Oyunun ən təəccüblü statistikası isə hakimlə bağlıdır. The Athletic nəşrinin məlumatına görə, Paraqvay millisinin aşkar idman prinsiplərinə sığmayan, aqressiv oyununa baxmayaraq, baş hakim İlgiz Tantaşev matç boyunca cənubi amerikalı futbolçuların heç birinə sarı vərəqə göstərməyib. Bu, dünya çempionatları tarixində 1998-ci ildən bəri heç bir oyunçusu xəbərdarlıq almayan ilk bu cür kobud oyun kimi tarixə düşüb. Paraqvay tərəfində yeganə sarı vərəqə yalnız final fitindən sonra baş məşqçinin köməkçisinə texniki zonadakı davranışına görə verilib.