“Neftçi”nin baş məşqçisi Yuri Vernidub 2026-cı il Dünya Çempionatının arxada qalan hissəsini və pley-off mərhələsinin gedişatını təhlil edib. Ukraynalı mütəxəssis “Sport-express.ua” nəşrinə açıqlamasında mundialın ən yaddaqalan məqamlarına toxunaraq, fərdi qəhrəmanları və onu məyus edən komandaları sadalayıb.
Çempionat ərəfəsində bəzilərinin turnirin darıxdırıcı keçəcəyini iddia etməsinə baxmayaraq, Vernidub hazırkı mənzərənin olduqca cəlbedici olduğunu vurğulayıb. Mütəxəssis Almaniya və Niderland kimi Avropa nəhənglərinin erkən vidalaşmasını böyük sensasiya adlandıraraq, müasir futbolun məhz bu gözlənilməzliyi ilə gözəl olduğunu qeyd edib. O, futbolun qlobal miqyasda inkişafının və populyarlaşmasının turnirdəki rəqabətə birbaşa təsir etdiyini diqqətə çatdırıb.
Turnirin ən böyük xəyalqırıqlığı qismində Almaniya millisini ön plana çıxaran baş məşqçi, “Bundestim”in daxili çempionatının “Top-5″də olmasına rəğmən, ardıcıl üçüncü dəfə dünya çempionatlarında 1/4 finala yüksələ bilməməsini ciddi siqnal kimi dəyərləndirib. Eyni zamanda, ən azı 1/4 finala qədər irəliləməsi gözlənilən Niderland yığmasının da ümidləri doğrultmadığı və mundialla erkən vidalaşdığı bildirilib.
Çempionluq yarışında əvvəlcədən də proqnozlaşdırdığı kimi Fransa və Argentinanı əsas favoritlər hesab edən ukraynalı mütəxəssis, fərdi planda Lionel Messi və Usman Dembelenin çıxışlarına heyran qaldığını gizlətməyib. O, xüsusilə Messinin 39 yaşında nümayiş etdirdiyi formanı və aktivindəki üç oyuna altı qol göstəricisini fenomenal adlandırıb. Həmçinin, Norveçlə matçda het-trik edən Dembeleni mundialın ən yaxşısı olmağa əsas namizədlərdən biri kimi göstərib. Vernidub gənc Lamin Yamalın hələ ki gözləntiləri tam doğrultmadığını, Kriştiano Ronaldonun isə fərqlənməyə davam etdiyini əlavə edib.
Sürpriz edən komandalara gəlincə, “Neftçi”nin çalışdırıcısı ötən çempionatda olduğu kimi yenə də Mərakeşin uğurlu çıxışını qeyd edib. O, həmçinin nizam-intizamlı 3-4-3 taktikası ilə rəğbət qazanan, sürətli və texnikalı futbolçuları ilə diqqət çəkən Yaponiyanı xüsusi fərqləndirib. Asiya təmsilçisinin yalnız 90+6-cı dəqiqədə Braziliyaya məğlub olaraq turnirlə vidalaşması üzücü hal kimi qiymətləndirilsə də, onların nümayiş etdirdiyi oyun mütəxəssisin rəğbətini qazanıb. Bundan əlavə, Norveç millisi də şanslı və cəlbedici futbol oynayan kollektivlər sırasında göstərilib.