Ukraynada davam edən müharibə fonunda beynəlxalq ictimaiyyətin Rusiya idmanına tətbiq etdiyi təcridə baxmayaraq, Moskva yenə də tanınmış futbol simalarını özünə cəlb etməyi bacarıb. Bu dəfə “Lujniki” stadionunda keçirilən Rusiya Kubokunun finalı, futbol şousundan daha çox, siyasi və təbliğat xarakterli bir tədbirə çevrilib.
Dünya futbolunun əfsanəvi adları – 2006-cı ilin dünya çempionları Andrea Pirlo və Marko Materatssi Moskvaya səfər ediblər. Keçmiş komanda yoldaşları “Lujniki” stadionunda azyaşlılarla görüşüb, imza sessiyalarında iştirak edib və meydançada nümayişkaranə oyun nümayiş etdiriblər. Tədbirdə onlarla yanaşı, rusiyalı veteran futbolçular Artyom Dzyuba və Andrey Arşavin, həmçinin ölkə hakimiyyətinin rəsmi tədbirlərinin daimi siması olan müğənni “Shaman” da iştirak edib. Rusiya Futbol İttifaqının bu finalı genişmiqyaslı şouya çevirmək üçün xüsusi büdcə ayırdığı və heç bir vəsaitdən qaçmadığı müşahidə olunub.
Pirlonun bu səfəri heç də təsadüfi deyil. İtalyan ulduz artıq bir müddətdir ki, Rusiya bazarı ilə sıx əməkdaşlıq edir. Belə ki, 2025-ci ilin sentyabrında o, Rusiya Kubokunun sponsoru olan “Fonbet” bukmeker kontorunun rəsmi səfiri kimi fəaliyyətə başlayıb. Mütəxəssislər hesab edir ki, Pirlonun bu addımı sırf kommersiya maraqlarına söykənir və o, Rusiya kapitalı ilə işləməkdən çəkinmir.
İtalyan futbol ulduzlarının Rusiya pullarına olan marağı bununla bitmir. Bundan əvvəl digər əfsanəvi futbolçu Françesko Totti də məhz həmin bukmeker kontoru tərəfindən təşkil edilən tədbirdə iştirak etmək üçün Moskvaya səfər etmişdi. Beləliklə, dünya futbolunun keçmiş ulduzlarının Rusiya təbliğat maşınının bir parçasına çevrilməsi idman ictimaiyyətində müzakirələrə və qınaqlara səbəb olmaqda davam edir.