İsveç mətbuatının (“Sportbladet”) məlumatına görə, “Yurqorden”in hücumçusu Zakariya Savo rəsmən “Qarabağ” klubuna keçib. Ötən mövsüm böyük ümidlərlə və yüksək transfer məbləği ilə heyətə cəlb olunan 23 yaşlı forvard İsveç klubunda gözlənilən performansı göstərə bilməyib. “Yurqorden”in heyətində keçirdiyi 18 oyunda cəmi 1 qolla yadda qalan Savo, ötən qış icarə əsasında Kiprin AEL (Limassol) klubuna göndərilmişdi. Kiprdə uğurlu mövsüm keçirən hücumçu 18 matçda 9 dəfə fərqlənərək özünəinamını bərpa edib və kubokun yarımfinalına qədər irəliləyib.
İsveç mətbuatının yazdığına görə, “Qarabağ” bu transfer üçün təxminən 5 milyon kroon (təxminən 914 min manat) ödəyib. Xatırladaq ki, “Yurqorden” futbolçunu heyətinə qatarkən onun üçün 15 milyon kron (təxminən 2.7 milyon manat) xərcləmişdi.
Yeni klubu barədə fikirlərini bölüşən Savo, bu keçidi karyerasında vacib bir addım kimi qiymətləndirib: “Qarabağ”a qoşulduğum üçün çox həyəcanlıyam. Bu, mənim üçün yeni və maraqlı bir mühitdir. Karyeramda irəliyə doğru atılmış vacib addımdır”.
Klubun rəsmi saytına verdiyi açıqlamada “Yurqorden”dəki dövrünü qiymətləndirən hücumçu minnətdarlığını bildirib: “Buradakı dönəm mənim üçün çox öyrədici oldu. Komandanın bir parçası olduğum üçün minnətdaram. Bütün oyunçulara, məşqçilər heyətinə və “Yurqorden” ailəsinə gələcək karyeralarında uğurlar arzulayıram”.
“Qarabağ”da hücum xəttində rəqabət aparacaq Savonu qarşıda ciddi sınaqlar gözləyir. O, Ağdam təmsilçisində daha əvvəl “Yurqorden”in şərəfini qorumuş Musa Qurbanlı ilə komanda yoldaşı olacaq. “Qarabağ” son illərdə avrokuboklardakı, xüsusən də UEFA Çempionlar Liqasındakı stabil çıxışı ilə tanınan və iddialı bir klubdur.