Tam 981 günlük gözləntidən sonra Neymar yenidən Braziliya millisinin formasını geyindi. Dünya Çempionatının qrup mərhələsində Şotlandiyaya qarşı keçirilən və “sambaçılar”ın 3:0 hesablı qələbəsi ilə başa çatan matçda tarixi anlar yaşandı. “Santos”un 34 yaşlı veteran hücumçusu Mateus Kunyanı əvəzləyərək meydana daxil oldu. Uzun müddət zədələr, formada olmamaq və müxtəlif çətinliklərlə mübarizə aparan ulduz futbolçu üçün bu qayıdış əsl sıçrayış nöqtəsi idi.
Karyerası boyu saysız-hesabsız klub titulları qazanan Neymar, bu matçın onun üçün fərqli bir önəm daşıdığını gizlətmədi. Final fitindən dərhal sonra göz yaşlarına hakim ola bilməyən veteran oyunçu azarkeşlərinə səsləndi: “Bu, inanılmaz bir an idi! Sadəcə fantastikdir. Hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi C qrupunu lider qismində başa vurub. Onlar pley-off mərhələsində F qrupunun (Niderland, Yaponiya, İsveç və Tunis) ikincisi ilə qarşılaşacaqlar.