Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı bütün həyəcanı ilə davam edir. Yarışın beşinci günündə ölkəmizin sərbəst güləş yığmasının beş üzvü mübarizəyə qoşulub, həmçinin qadın güləşçilərimiz medallar uğrunda həlledici görüşlərini keçirəcəklər.
Azərbaycanın sərbəst güləşçiləri üçün gün uğurlu startla yadda qalıb. Xüsusilə Cəbrayıl Hacıyevin (79 kq) inamlı çıxışı diqqət çəkir. Yarışa 1/4 finaldan start verən idmançımız Slovakiya təmsilçisi Axsarbek Qulayevi 7:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Digər təmsilçilərimizin çıxışları isə belə formalaşıb. İslam Bazarqanov (57 kq) ilk mərhələdən azad olub. O, 1/4 finalda Aryan Tyutrinlə (UWW) qarşılaşacaq. Rəşid Babazadə (65 kq) ilk görüşündə almaniyalı Niko Meqerleni (3:1) üstələsə də, 1/4 finalda Bəşir Maqomedova (UWW) məğlub olub (2:7). Kənan Heybətov (70 kq) mübarizəyə birbaşa Oleksiy Boruta (Ukrayna) ilə qarşılaşmadan başlayacaq.
Təcrübəli Osman Nurməhəmmədovun (97 kq) debütü uğursuz alınıb. O, gərgin keçən ilk görüşdə gürcüstanlı Qivi Matçaraşviliyə minimum fərqlə (2:3) uduzub.
Axşam seansında ölkəmizin üç qadın güləşçisi Avropa çempionatının fəxri kürsüsünə qalxmaq üçün həlledici sınağa çıxacaq. Bütün təmsilçilərimiz bürünc medal uğrunda mübarizə aparacaqlar:
57 kq. Jalə Əliyeva – Arina Martınova (UWW)
62 kq. Ruzanna Məmmədova – Naemi Leystner (Almaniya)
65 kq. Birgül Soltanova – Beyza Akkuş (Türkiyə)Xatırladaq ki, hazırda yığmamızın hesabında 6 medal (2 qızıl, 4 bürünc) var. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu adını, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Günay Qurbanova (59 kq) isə bürünc medal qazanıb.