“Bavariya”nın çempionluq qeyd etmələrinin pik nöqtəsində, Almaniya futbolunda bomba effekti yaradacaq bir xəbər gündəmə düşüb. Bundestimin baş məşqçisi Yulian Naqelsmannın Dünya Çempionatı öncəsi qapıçı mövqeyi ilə bağlı qəbul etdiyi qərar, ölkəni tarixdə heç vaxt olmadığı qədər iki cəbhəyə bölüb. Bu həssas mövzuda futbol ictimaiyyətinin iki fərqli baxış bucağı var.
Məsələyə insani prizmadan yanaşsaq, “Hoffenhaym”ın qapıçısı Oliver Baumann üçün bu qərar tam bir karyera faciəsidir. Mark-Andre ter Ştegenin ağır zədəsindən sonra məhz Baumann Almaniya millisini çiyinlərində daşıyaraq DÇ-nin seçmə mərhələsini uğurla tamamlamışdı. O, fiziki və mənəvi olaraq mundialda əsas qapıçı statusunu tamamilə haqq edirdi. İndi onun yaşadığı məyusluğun miqyasını təsəvvür etmək çətin deyil.
Bu hadisə yaddaşlarda dərhal 2006-cı ilin “yay nağılı” öncəsi baş verənləri canlandırır. O vaxt baş məşqçi Yurgen Klinsmann mundiala yarım il qalmış əfsanəvi Oliver Kanı ehtiyat skamyaya otuzduraraq qapını Yens Lemana etibar etmişdi. Lakin Kan böyüklük nümayiş etdirərək skamyada belə komandaya dəstək olmuşdu.
İndi isə əsas sual başqadır: Baumann bu qərardan necə xəbər tutub? İddialara görə, qapıçının “silinməsi” ilə bağlı söhbət Münxendəki otel otaqlarının birində baş tutub və sonradan mətbuata sızıb. Əgər Baumann bu şok qərarı komanda daxilində yox, “Sky TV” vasitəsilə televizordan öyrənibsə, bu, Naqelsmann və rəhbərlik üçün həm kommunikasiya, həm də idman etikası baxımından tam bir fəlakətdir! Sualın ikinci tərəfi isə sırf idman prinsiplərinə söykənir və burada Naqelsmanna haqq qazandırmaq olar.
Noyer hələ də Noyerdir! Hətta bu yaşda belə rəqib hücumçuların qənimi olmağı bacarır. Onun Çempionlar Liqasında “Real”a qarşı keçirdiyi matçda Kilian Mbappe və Vinisius Juniorla təkbətək epizodlardakı soyuqqanlılığı bunun bariz sübutudur. Mundialın qrup mərhələsi kimi gərgin və təzyiqli oyunlarda Naqelsmannın təcrübəsiz Baumandansa, alman maşınının “əbədi” kapitanına güvənməsi tamamilə başadüşüləndir.
Ancaq bir reallığı da unutmaq olmaz: son illərdə Manuelin buraxdığı kobud səhvlərin və konsentrasiya itkisinin sayı ciddi şəkildə artıb. Bəli, ad yenə Noyerdir, amma o, 2014-cü ildəki o “kosmik” dünya çempionu deyil. Həmin zəfərdən 12 il keçib və bu müddət ərzində Noyer ağır xizək qəzası da daxil olmaqla, saysız-hesabsız zədələrlə mübarizə aparıb.
Naqelsmannın bu böyük qumarının necə nəticələnəcəyini isə bizə yalnız DÇ-2026 göstərəcək.