Premyer Liqanın son üç turunda “İmişli”nin heyətində görünməyən belaruslu qolkiper Andrey Sinenko ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Klubun rəsmi açıqlamasında qapıçının bud əzələsindən zədə aldığı bildirilsə də, əslində legioner futbolçunun klub rəhbərliyinin cəzalandırıldığı məlum olub. Məhz bu səbəbdən Sinenko çempionatın son üç turunda iştirak ərizəsinə daxil edilməyib.
İnsayder məlumatlarına görə, qolkiperin cəzalandırılmasına onun özbaşına şəkildə digər klublarla transfer danışıqlarına başlaması səbəb olub. Mövsüm sonu müqaviləsi bitəcək belaruslu qolkiperin meneceri vasitəsilə yeni klub axtarışına çıxdığı məlum olub. İddialara görə, Sinenko danışıqlar prosesində ‘İmişli’dəki mövcud şərait və daxili nizam-intizam qaydaları haqqında mənfi rəylər səsləndirərək klubun nüfuzuna kölgə salıb. Bu davranışlar klub rəhbərliyi tərəfindən qeyri-etik qiymətləndirilib və oyunçunun əsas komandadan uzaqlaşdırılmasına qərar verilib. Mövcud vəziyyəti nəzərə alsaq, Sinenko üçün mövsümün vaxtından əvvəl bitdiyini və onun bir daha “İmişli” formasını geyinməyəcəyini ehtimal etmək olar.