Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Qarabağ” üzərində qazanılan dramatik qələbədən (2:1) sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
Litvalı mütəxəssis ilk növbədə komandasını və tərəfdarlarını təbrik edərək qələbənin emosional tərəfinə toxunub: “Bütün “Sabah” ailəsini təbrik edirəm. Bu qələbəni bizi bir an belə tək qoymayan azarkeşlərimizə həsr edirəm. Bu gün meydanda əsl dram yaşandı, hər iki komanda bərabərsəviyyəli mübarizə apardı. Maksimum gücümüzü ortaya qoymağa çalışdıq”.
Dambrauskas oyunun gedişatını təhlil edərək, buraxılan qoldan sonra komandanın göstərdiyi iradəni xüsusi qeyd edib: “Birinci hissədə topa nəzarət bəzən rəqibin tərəfinə keçirdi. Buraxdığımız qol oyunun qırılma nöqtəsi ola bilərdi. “Qarabağ” azlıqda qalmasına baxmayaraq, çox keyfiyyətli futbol nümayiş etdirdi. Lakin biz sona qədər mübarizə apardıq, təslim olmadıq və məhz bu əzm sayəsində qələbə qazandıq”.
Matçın sonundakı mübahisəli epizodlar və qırmızı vərəqə ilə bağlı sualları cavablandıran baş məşqçi, hakim qərarlarına bir qədər tənqidi yanaşıb: “Hakimlərin işini şərh etməyi sevmirəm, lakin bəzi epizodlara planşetdə yenidən baxdım. Əgər Azərbaycan futbolunun səviyyəsinin qalxmasını istəyiriksə, hakimlik də buna paralel inkişaf etməlidi. Bir çox ölkədə işləmişəm, lakin hakim qərarlarının bu qədər çox müzakirə olunduğu ikinci yer görməmişəm. Hər həftə eyni mövzular danışılır. Bəzən eyni tip epizodlara fərqli qərarlar verilir ki, bu da suallar doğurur”.
Finaldakı rəqib “Zirə” ilə oyun barədə danışan mütəxəssis, mövsüm boyu qazanılan üstünlüyün finalda əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Final bir oyundan ibarətdir və mən karyeram boyunca asan keçən final görməmişəm. Kimin güclü olduğunu həmin gün meydan göstərəcək. Bəli, finala yüksəlmişik, amma bu hələ heç nə demək deyil. Bizim üçün əsas olan finala çıxmaq yox, titulu qazanmaqdır. Qarşıda hələ görüləcək çox işimiz var”.