Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq şahmat turniri davam edir. Qrossmeysterimiz Şəhriyar Məmmədyarov yarışın 6-cı turunda növbəti partiyasını keçirib. Təcrübəli şahmatçımız bu turda Yunanıstan təmsilçisi Nikolas Teodorunu məğlub edərək hesabına mühüm xal yazdırıb.
Xatırladaq ki, Ş.Məmmədyarov daha əvvəl Vidit Qucratini (Hindistan) üstələmiş, Arjun Eriqaisi (Hindistan) və Hans Niemann (ABŞ) ilə heç-heçə oynamış, Nodirbek Abdusattorov (Özbəkistan) və Muxiddin Mədəminova (Özbəkistan) isə məğlub olmuşdu. Hazırda aktivində 3 xal olan qrossmeysterimiz turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Yarışın “Challengers” qrupunda mübarizə aparan digər iki şahmatçımız – Eltac Səfərli və Məhəmməd Muradlı 6-cı turda üz-üzə gəliblər. Azərbaycan derbisi sülhlə başa çatıb. Bu nəticədən sonra xallarını 5-ə çatdıran M.Muradlı turnir cədvəlinə başçılıq etməkdə davam edir. 2 xalı olan E.Səfərli isə 9-cu pillədədir.
Ümumi mükafat fondu 121 500 dollar olan turnir dairəvi sistem üzrə keçirilir. 9 turdan ibarət olan beynəlxalq yarışa iyunun 15-də yekun vurulacaq.