17 və 19 yaşadək qadın futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının birinci mərhələsinin püşkatma mərasimi keçirilib. AFFA-nın yaydığı məlumata görə, püşkün nəticələrinə əsasən millilərimizin rəqibləri müəyyənləşib. Azərbaycan U-17 milli komandası B Liqasının 1-ci qrupunda yer alıb. Yeniyetmə futbolçularımız bu mərhələdə İrlandiya, Kosovo və Albaniya yığmaları ilə qüvvəsini sınayacaq. Azərbaycan U-19 milli komandası isə mübarizəyə B Liqasının 3-cü qrupunda start verəcək. Gənc qızlardan ibarət seçməmiz Serbiya, Şimali Makedoniya və Monteneqro komandaları ilə qarşılaşacaq.
Avropa çempionatının qrup oyunları bu ilin payızında keçiriləcək. Qarşılaşmaların dəqiq tarixləri və ev sahibliyi edəcək ölkələr barədə məlumatlar yaxın vaxtlarda açıqlanacaq.