Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe karyera hədəfləri barədə danışıb. 27 yaşlı kapitan fərdi rekordlardan çox komanda uğurlarına önəm verdiyini vurğulayıb.
O, dünya çempionatları tarixinin ən yaxşı bombardiri – Miroslav Klozenin rekordunu təzələməkdənsə, ikinci dəfə dünya kubokunu qazanmzğı üstün tutduğunu gizlətməyib: “Əlbəttə, tarixə düşmək istəyirəm. Lakin mənim üçün əsas hədəf Fransaya kubokla qayıtmaqdır. Yelisey çöllərində çempionluğu bayram etməyi hər şeydən üstün tuturam”.
Mbappe indiyə qədər iştirak etdiyi iki dünya çempionatında (2018 və 2022) ümumilikdə 12 qol vurub. Hazırda o, turnir tarixinin ən yaxşı bombardiri Miroslav Klozedən (16 qol) cəmi 4 qol geridə qalır. Aktivində 13 qol olan Lionel Messini də nəzərə alsaq, Mbappenin gənc yaşında göstərdiyi bu performans onun gələcəkdə mundiallar tarixinin ən məhsuldar oyunçusu olacağına şübhə yeri qoymur.
Builki mundial baş məşqçi Didye Deşam üçün Fransa millisində sonuncu olacaq. Mbappe turnirdən sonra komandadan ayrılacaq mütəxəssis barədə də maraqlı fikirlər səsləndirib: “Ona təşəkkür etməyin ən yaxşı yolu dünya çempionu olmaqdır. Deşam qələbə qazanmağı çox sevir. Eşitdiyimə görə, italyanlar onu milliyə gətirmək istəyir. Ümid edirəm ki, o, başqa komandaya rəhbərlik etmək barədə düşünmür. Bu, bizim üçün çətin olardı”.
Fransa yığması üçüncü dünya çempionluğu uğrunda mübarizəyə çərşənbə axşamı İst-Raterfordda, Seneqal kuryerlərinə qarşı matçla başlayacaq.