UEFA-nın sabiq prezidenti Mişel Platini, uzun illər davam edən korrupsiya araşdırmaları və yekun bəraət qərarından sonra ilk dəfə geniş açıqlama verib. Futbol dünyasının canlı əfsanəsi, illərdir davam edən hüquqi mübarizəsini bir idman xadiminə qarşı qurulmuş “siyasi qəsd” kimi qiymətləndirib.
Xatırladaq ki, Mişel Platini və FİFA-nın sabiq prezidenti Yozef Blatter dələduzluq, vəsaitlərin mənimsənilməsi və sənəd saxtakarlığında ittiham olunurdular. Prokurorluq, 2011-ci ildə baş tutan 2 milyon İsveçrə frankı məbləğindəki ödənişin qanunsuz olduğunu iddia edirdi.
7 illik araşdırmadan sonra 2022-ci ildə İsveçrə məhkəməsi tərəfindən bəraət alan rəsmilər haqqında prokurorluq yenidən şikayət vermişdi. Lakin 2025-ci ildə İsveçrə Cinayət Məhkəməsinin Apellyasiya Palatası ittihamları qəti olaraq rədd edərək hər iki şəxsə bəraət verdi.
“FIFA prezidentliyi mənim taleyim idi
Platini, futbolun romantik ruhu ilə böyük biznes maraqlarının toqquşduğunu qeyd edərək karyerasının necə hədəf alındığını izah edib:”Mənim taleyim FİFA prezidenti olmaq idi, lakin bəzi qüvvələr bunun qarşısını kəsdi. Futboldan uzaqlaşdırılmağım böyük bir ədalətsizlik və tamamilə siyasi oyun idi. Bir qrup insan mənim karyeramı məhv etməyə, simvolik olaraq məni “öldürməyə” qərar vermişdi“.
“Məni sistem üçün təhlükə gördülər
Sabiq prezident administrasiyada kök salmış insanların dəyişiklikdən qorxduğunu vurğulayıb: “Mənim tanımadığım bəzi rəhbərlər yeni bir başçının gəlməsini istəmirdilər. Onlar bu sistemdən çoxlu pul qazanırdılar və mən onlara mane olacaq biri kimi görünürdüm. Dəyişiklik edəcəyimdən və onların qazancına toxunacağımdan qorxdular”.
Ailə və çəkilən çətinliklər
Son 10 ilin həm özü, həm də ailəsi üçün ağır keçdiyini bildirən Platini, mənəvi dözümlülüyünü belə ifadə edib: “Ailəm hər gün qəzetlərdə haqqımda yazılan xəbərləri oxuyurdu. Lakin mən məhkəmənin son qərarından heç vaxt narahat olmadım. Çünki günahsız olduğumu bilirdim və ədalətin sonda qalib gələcəyinə əmin idim”.
Canni İnfantino haqqında
FİFA-nın hazırkı prezidenti haqqında danışan Platini, İnfantinonun roluna da toxunub: “İnfantino bu işin əsas təşkilatçılarından olmasa da, yaranmış vəziyyətdən məharətlə yararlandı. O, əslində UEFA prezidenti olmaq istəyirdi, bu da məni bir növ FİFA-ya keçməyə sövq etdi”.